Süni intellektin köməyi ilə yaradılmış musiqi qrupu cəmi iki həftə ərzində "Spotify" platformasında bir milyon dinləyici toplayıb.
Valyuta.az xəbər verir ki, bu barədə "Oddity Central" məlumat yayıb.
Tamamilə süni intellekt tərəfindən yaradılmış psixodelik rok qrupu "The Velvet Sundown" son dövrlərin ən çox müzakirə edilən musiqi layihələrindən birinə çevrilib. Qrupun vokalçısı Qeyb Ferro, gitaristi Leni Uest, klaviatura ifaçısı Maylo Reyns və zərb alətləri ifaçısı Orion “Rio” Del Marın fotoları neyroşəbəkə vasitəsilə generasiya edilib.
Qrupun bəyanatında deyilir: “The Velvet Sundown” - insanın yaradıcı rəhbərliyi ilə meydana çıxan, süni intellektin dəstəyi ilə bəstələnmiş, səsləndirilmiş və vizuallaşdırılmış sintetik musiqi layihəsidir. Bu layihə müəlliflik, identiklik və İİ dövründə musiqinin gələcəyi kimi anlayışların sərhədlərinə meydan oxuyan daimi bədii təxribatdır".
Qrupun ən populyar bəstəsi olan "Dust on the Wind" artıq 500 mindən çox dinlənilib. Layihənin uğur qazanmasına baxmayaraq, bəzi istifadəçilər Al-ın tətbiqini insan yaradıcılığının dəyərini sual altına qoymaq kimi qiymətləndirir. Digər tərəfdən, bu texnoloji təşəbbüs musiqi sənayesində yeni dövrün başlanğıcı kimi də qəbul edilir.
Paşa Məmmədli