“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində “Alanyaspor”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Azərbaycan və Türkiyə klubları arasındakı sınaq görüşündə qapılara qol vurulmayıb – 0:0.
Elmar Baxşıyev matçdan sonra klubun mətbuat xidmətinə verdiyi açıqlamada bunları söyləyib:
“Hazırlığımız plan üzrə gedir. Bu matçda rəqibimiz Türkiyə Super Liqası komandasıydı. “Alanyaspor”la oyunda da demək olar, heyətin bütün üzvlərinə şans verdik. Hamını məşqlə paralel oyunda da yoxlamaq istəyirik. Oyundan oyuna daha yaxşı təsir bağışlayırıq. Əlbəttə, səhvlər, çatışmazlıqlar olur. Biz də bu cür matçlarda həmin problemləri aşkarlamaq, məşqlərdə aradan qaldırmaq istəyirik. Uşaqlar çox istəklidirlər. Bu da sevindirici məqamdır. Ümumi götürdükdə, komandanın performansından razı qaldım”.
Xatırladaq ki, “Araz-Naxçıvan” Türkiyə toplanışı çərçivəsində daha əvvəl “Bayburtspor”la oynamış və 14:0 hesablı qələbə qazanmışdı. Komanda qardaş ölkədəki növbəti sınağında iyulun 17-də Super Liqanın digər iştirakçısı “Trabzonspor”la qarşılaşacaq.
Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv yeni mövsümdə Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək. Naxçıvan klubu bu turnirin 2-ci təsnifat mərhələsində “Aris”lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.