AZ

PKK-nın silah qoyması

PKK-nın Süleymaniyədə 30 nəfərlik ilk qrupunun silahları yandıraraq təslim etməsi yalnız Türkiyə üçün deyil, region üçün də dərin nəticələr doğura biləcək siyasi və təhlükəsizlik hadisəsidir. Dəqiqəbədəqiqə planlanmış mərasimə yalnız Türkiyə deyil, İraq Kürd Muxtariyyəti, beynəlxalq media və xarici analitik mərkəzlər də böyük diqqət yetirdi. Bəs bu prosesin geosiyasi mənası nədir? Gələcəkdə hansı mərhələlər izlənəcək? Ən əsası isə, bu hadisə regionda sülh və sabitlik üçün bir dönüş nöqtəsidir, yoxsa riskli bir mərhələ başlayıb?

Vaxt.az dünya mediasında gedən xəbərlərin qısa xülasəsini təqdim edir.

 

1. Xarici medianın əsas mesajı: “Təkcə Türkiyəni yox, regionu dəyişəcək”

“Reuters” PKK-nın silah qoymasını “simvolik amma əhəmiyyətli” addım adlandıraraq bunun Suriyadakı kürd silahlı qruplar üçün təzyiqi artıracağını vurğulayır. ABŞ-ın dəstəklədiyi və Türkiyənin PKK-nın qolu hesab etdiyi YPG güclərinin Suriya ordusuna inteqrasiyası gündəmə gələ bilər. Bu isə Vaşinqton-Ankara xəttindəki ən mürəkkəb məsələlərdən biridir.

BBC isə bu prosesin yalnız Türkiyədə deyil, İraq, Suriya və İran daxil olmaqla regionda dərin təsir yaradacağını qeyd edir. BBC həmçinin bu prosesi idarə etmək üçün Türkiyə Böyük Millət Məclisində xüsusi komissiya yaradılacağına işarə edir.

 

2. Fransa və ABŞ-dan vurğular: Silahsızlanma həm PKK, həm də Ərdoğan üçün dvidentdir

“France 24” prosesi “silahlı üsyandan demokratik siyasətə keçid” adlandırır. Media orqanı PKK-nın hərbi zəifləməsinin silahsızlanmanı qaçılmaz etdiyini və bu vəziyyətin Ərdoğana siyasi dividentlər qazandıracağını yazır.

“The New York Times” isə Ərdoğanın bu prosesi uğurla başa vuracağı təqdirdə siyasi tarixində böyük zəfər kimi qeyd ediləcəyini vurğulayır. Həm də bu, uzun illərdir davam edən ən ciddi daxili təhlükəsizlik problemini aradan qaldırmaqla hökumətin legitimliyini gücləndirə bilər.

 

3. “Al Jazeera”: Yeni uzlaşma mühiti doğurur

“Al Jazeera” bu prosesi “uzun bir yolun başlanğıcı” kimi təqdim edir və DEM Partiyası, CHP və hətta MHP daxil olmaqla siyasi düşərgələrin prosesə daha açıq yanaşdığını vurğulayır. Bu isə Türkiyədə siyasi yeni konsensus ehtimalını artırır. Öcalan faktoru isə prosesin sonrakı mərhələlərində “sürpriz” başlıq olaraq qalır.

 

4. Səbirli olmasa, proses çökə bilər

“Al Arabiya” xəbərdarlıq edir: Prosesin 3-5 ay içində tamamlanmaması provosasiya risklərini artırır. Bu fikri Türkiyədən də AKP sözçüsü Ömer Çelik səsləndirib. Proses uzandıqca həm ictimai dəstək zəifləyə, həm də terrora qarşı mübarizə mövqeyi zəifləyə bilər.

 

5. Rusiya nə deyir?

“RIA Novosti” bu addımı Ankara üçün qələbə kimi təqdim edir və “Terörsüz Türkiyə” təşəbbüsünün MHP ilə birgə hazırlandığını yazır. MİT və TSK-nın nəzarətində 3-4 ay içində tamamlanması planlaşdırılan prosesin qanuni baza ilə rəsmi sənədləşdirilməsi və TBMM-də komissiya yaradılması ilə davam etdiriləcəyi qeyd edilir.

 

Nəticə və ehtimallar

Əgər proses davam etsə, bu, regionun təhlükəsizlik arxitekturasında ciddi dəyişikliklərə səbəb ola bilər.

Suriya və İran kontekstində də PKK-nın zəifləməsi ilə YPG və digər qrupların tənzimlənməsi asanlaşa bilər.

Ərdoğanın daxili siyasətdə əlini gücləndirəcək, bu isə konstitusiya dəyişiklikləri, müxalifətin parçalanması və DEM Partiyası ilə əməkdaşlıq ssenariləri üçün yeni yollar aça bilər.

Amma prosesin gecikməsi, etimad böhranı, sabotajlar və geopolitik oyunlar səbəbindən qırılma nöqtəsinə də çevrilə bilər.

Seçilən
22
vaxt.az

1Mənbələr