AZ

Tələbələrin geyimi: Fərdiliklə cəmiyyət arasında tarazlıq

Geyim yalnız bir parça deyil. O, insanın xarici görünüşü ilə yanaşı, daxili dünyasının, zövqünün, kimliyinin tərcüməçisidir. İnsan bəzən dilə gətirə bilmədiyi duyğularını, fikirlərini və mövqeyini geyimi ilə ifadə edir. Geyim həm də bir növ vizual təqdimatdır - insanın dünyaya necə görünmək istədiyini göstərir. Bu səbəbdən geyim təkcə estetik seçim deyil, həm də sosial və psixoloji bir hadisədir.

Min illər boyu geyim təkcə bədəni örtmək vasitəsi yox, həm də statusun, mənsubiyyətin, mövqenin göstəricisi olub. Tarix boyunca fərqli siniflər, toplumlar və mədəniyyətlər geyim vasitəsilə bir-birindən seçilmiş, fərqləndirilmişdir. Qədim saraylardan tutmuş, müasir ofislərə qədər - geyim bəzən üstünlüyün, bəzən itaətin simvoluna çevrilib. Bir məktəbli formasının ciddi və təmiz görüntüsü ilə nizamı təmsil etdiyi kimi, bir sənətçinin özünəməxsus tərzi də sərbəstliyi və fərqliliyi təmsil edir.

Müasir dünyada isə geyim, xüsusilə gənclər arasında, fərdiliyin və azadlığın bəlkə də ən görünən formalarından birinə çevrilib. Bir gənc hansı brendi seçirsə, hansı rəngə üstünlük verirsə, bu, onun daxili dünyasının, mənsubluğunun və ya fərqli olmaq istəyinin bir parçasıdır.

Hər kəsin geyim tərzi onun şəxsiyyəti, dünyagörüşü, sosial çevrəsi, hətta gündəlik əhval-ruhiyyəsi ilə sıx bağlıdır. Kimisi minimal, sadə geyimlə rahatlığı və səliqəni, kimisi rəngarəng və cəlbedici geyimlə enerjini ifadə edir. İnsan geyim vasitəsilə həm özünü ifadə edir, həm də ətraf mühitə mesaj ötürür. Geyimin dili bəzən sözlərdən daha güclü ola bilər. Bəzən bir insanın seçdiyi sadə, səliqəli tərz onun iç dünyasındakı nizamı göstərir, bəzən də parlaq, sərhədsiz geyim tərzi onun qaydaları sevmədiyini, fərqli olmağa çalışdığını bildirir.

Amma məsələnin digər tərəfi də var. Geyim həm də ictimai baxışların, normaların, stereotiplərin təsir dairəsindədir. İnsan azad seçim etdiyini düşünsə də, çox zaman bu seçim cəmiyyətin  gözləntiləri ilə formalaşır. Ən çox da itimai məkanlarda - məktəbdə, universitetdə, iş yerində özünü göstərir. İnsanlarda müəyyən standartlar formalaşır və bu standartlar gənclərin geyim seçimlərinə müdaxilə edir. Bəzən bu müdaxilə açıq olur - qaydalarla. Bəzən isə səssiz olur - baxışlarla, pıçıltılarla, sosial təzyiqlə.

Son zamanlar sosial şəbəkələrdə və medianın bəzi platformalarında bu mövzuda xeyli fikir səsləndirildi. Müzakirələr əsasən universitetlərdə tələbələrin geyim tərzi ətrafında cəmləşdi. Bəziləri hesab edir ki, bəzi qızlar universitetə gələndə sanki auditoriyaya yox, başqa bir tədbirə, şəxsi məkanlara və ya axşam məclisinə gedirmiş kimi geyinir. Bunu qeyri-ciddi yanaşma, təhsil mühitinə uyğun gəlməyən seçim kimi dəyərləndirirlər. Digərləri isə bu cür fikirləri arxaik və yersiz sayır, hesab edirlər ki, gəncin necə geyinməsi onun azad seçimidir və buna heç kimin müdaxilə haqqı yoxdur.

Kim haqlıdır? Bu mövzuda haqlı və ya haqsız olmaqdan çox, nəyə əsaslandığımız, hansı kontekstdən yanaşdığımız vacibdir. Geyim həm azadlıqdır, həm qaydadır. Həm ifadə vasitəsidir, həm də qəbul olunmaq üçün seçilən bir formadır. Məsələ bəlkə də geyimdən çox, bir-birimizi anlamaq və fərqlilikləri mühakimə etmədən qəbul etmək bacarığımızdadır.

Məsələ ilə bağlı sosioloq Üzeyir Şəfiyev Olaylar.az-a açıqlaasında qeyd edib ki, geyim tərzi insanın harada olduğunu və kim olduğunu göstərən səmimi bir dildir:

" Geyim həm dəb və moda təsirindədir, həm də reklamın təsirindədir. Ancaq geyim həm də bir mədəniyyətdir, bir düşüncə tərzidir və şüurla, təfəkkürlə bağlıdır. Ona görə insanlar geyim seçərkən auditoriyanı nəzərə almalıdırlar - yəni hara gedirlər, hansı məkana gedirlər, onu düşünməlidirlər. Statuslarını da nəzərə almalıdırlar. Bəzən insanlar qeyri-adekvat geyim tərzi seçirlər. Məsələn, daha ciddi tədbirlərin, törənlərin olduğu məkanlara bəzən qeyri-ciddi geyimlə gəlirlər, bu da adekvat olmur və haqlı olaraq ictimai qınaqla qarşılanır. Yəni məkana uyğun geyim tərzi seçmək lazımdır.  Hesab edirəm ki, bu, daha çox düşüncə, şüur və təfəkkürlə bağlı məsələdir. PR-ın, reklamın təsirinə uymaq lazım deyil. Təəssüf ki, sosial şəbəkələrdə, sosial mediada bəzən şou adamlarının, şou-biznes nümayəndələrinin geyim tərzlərini digər, daha ciddi fəaliyyət sahələrində çalışan insanlar təqlid edirlər. Bu baxımdan, hansı geyimi, hansı məkanda geyinmək lazım olduğunun fərqində olmurlar. Bu da haqlı olaraq ictimai müzakirələrə yol açır, ictimai reaksiya doğurur.

Hər auditoriyaya, məkana uyğun və tədbirin xarakterinə uyğun geyim tərzləri var və bu tərzlər üzərində düşünmək lazımdır. Düşünmək lazımdır ki, bu, ictimai etirazların, ictimai qınaqların qarşısını alsın. Çünki məşhur psixoloqun " güzgü mən" konsepsiyası var - yəni mənim haqqımda cəmiyyətin nə düşündüyü və cəmiyyətin mənə verdiyi qiymət haqqında mənim nə düşündüyüm anlayışı.

Bu baxımdan, əgər biz cəmiyyətin içində yaşayırıqsa, cəmiyyətin rəyini nəzərə almalıyıq, gözləntiləri də nəzərə almalıyıq. Amma eyni zamanda daxili fəlsəfəmizin, daxili azadlığımızın da səsini eşitməliyik. Ancaq bu heç də o demək deyil ki, biz geyim tərzimizi seçərkən qeyri-adekvat qərarlar verək. Biz geyim tərzimizi getdiyimiz məkanlara, tədbirlərin ruhuna və ahənginə uyğun seçməliyik".

Geyim məsələsi yalnız sosial və mədəni baxımdan deyil, həm də təhsil mühitinin normaları və tələbələrinin davranış kodeksi kontekstində də müzakirə olunur. Geyim tərzinin bu kontekstdə rolu və əhəmiyyəti barədə fərqli baxışlar mövcuddur.

Universitetlərin daxili qaydalarında tələbələrin geyim tərzinə dair hansı normalar mövcuddur?

Təhsil eksperti Elmin Nurizadə mövzu ilə bağlı fikirlərini belə ifadə edib:

" Heç bir universitetin nizamnaməsində, daxili qaydalar konsepsiyasında sırf geyim tərzi ilə bağlı tələblər yoxdur. Hər bir universitetdə sadəcə tələbələrin davranış kodekslərini əks etdirən qaydalar toplusu var ki, geyim məsələlərinə də müəyyən hallarda orada toxunulur və ya sonradan əlavə edilərək toxunulması mümkündür. Bildiyimiz kimi, xüsusi forma tələbinin hakim olduğu xüsusi təyinatlı ali təhsil müəssisələrini çıxmaq şərtilə yerdə qalan universitetlərimizdə tələbələrdən hansısa vahid forma tələb edilmir, demokratik şəkildə geyim məsələsinə qarışılmır. Yalnız müstəsna hallarda-tələbənin geyimi tədris standartları, universitet mühitindən çox uzaq olarsa, geyim üzərində müəyyən radikal mesajlar (əsasən də dini kontekstdə)  əksini taparsa buna anında və haqlı şəkildə müdaxilə edilə bilinər. Yerdə qalan hallarda isə yenə də tələbə geyimində müəyyən uyğunsuzluq olduqda yalnız tövsiyə xarakterli hansısa addım atılır. Doğrudur, sərt geyim forması ilə bağlı ayrı-ayrı zamanlarda bir neçə universitetimiz daxili qaydaları əsasında sərt addım atmışdı. Bir universitet şortik, digəri isə xanım tələbələrin qısa geyim məsələsinə çox sərt reaksiya vermişdi. Amma əminliklə deyə bilərəm ki, bir çox məsələlərdə olduğu kimi geyimdə də əksər universitetlərimiz qətiyyən radikal addımlar atmırlar. Halbuki biz dünyanın ayrı-ayrı yerlərindəki universitetlərində bununla bağlı çox radikal addımların şahidi oluruq.

Dediyim kimi, bizim yerli ATM-lərdə tələbələrə geyimlərlə bağlı irad və qadağalar çox da şamil olunmayıb. Bu, hətta nadir proses kimi də dəyərləndirilə bilər. Qaydaları sərtləşdirən bir neçə universitetin isə bu qərardan sonra xüsusi nəyəsə nail ola biləcəyini düşünmürəm. Təbii ki, bunlarla biz demək istəmirik ki, geyim tərzi ilə bağlı qadağalar yoxdursa, hərə istədiyi kimi geyinməli, mühiti nəzərə almamalıdır. Təbii ki, yox! Mühit burada xüsusi nəzərə alınmalıdır və bu artıq bəlli yaşa çatan tələbə kontingentinin özü tərəfindən nəzərə alınalıdır. Təəssüf ki, bu istiqamətdə ciddi boşluq var. "Azad insan" düşüncəsi hədəqəsindən aşmış, cızığından çıxmış adam demək deyil. Bu gün bu barədə nəsə yazılanda "kimsə kimsənin geyiminə qarışa bilməz" iradını səsləndirənlər özləri təhsil, oxuduqları tədris müəssisələrinə hörmətlə yanaşmalıdırlar. Əks halda, oxuduqları ali təhsil müəssisələrinin məhz geyim formasına görə onları asanlıqla cəzalandırmaq hüququ var. Yəni, qaydalar sərtləşsə, bəzi tələbələrin hətta tədrisdən uzaqlaşması variantı da yarana bilər. Çünki onlar bununla həm də oxuduqları universitetin daxili nizam-intizam qaydalarını pozurlar. Bu qaydaların pozulması isə təbii ki, lazımı hüquqi addımlara yol açır".

Maraqlıdır ki, tələbələrin azadlığı ilə təhsil mühitinin nizam-intizamı arasında necə bir tarazlıq təmin olunmalıdır?

" Həddindən artıq ciddi məsələdir. Şəxsən mən belə düşünürəm: universitetlərimiz tələbələr, onların davranış və tədris fəaliyyətləri ilə bağlı həddindən artıq tolerant və demokrat yanaşma sərgiləyirlər. Deyə bilərsiniz ki, bu, belə də olmalıdır. Süni intellekt əsrinin tələbələri ilə başqa hansı davranış qaydaları tətbiq olunmalıdır ki?! Sizinlə tam razıyam. Amma əziz tələbələrimiz də gərək bu tolerant yanaşmaları doğru dəyərləndirsinlər. Bu, həm davranış qaydalarında, həm geyim tərzlərində, həm də bir-birilərinə yanaşmalarda olmalıdır. Bir dəfə metrodan çıxaraq kurtkanı çiyinlərinə atan və yolboyu tələbəyə yaraşmayan bir tələbə qrupu haqqında qeydlərimi etmişdim. Burada onların geyim t ərzinə yox, davranışlarına toxunmuşdum. Amma əsas məsələ bir kənarda qaldı, sosial şəbəkələrdə yüzlərlə insan "siz kimsiz ki, tələbələrin geyiminə qarışırsız?" iradı ilə sərt reaksiya verdilər. Təəssüf ki, reallıq belədir. Biz bəzən dəyərləndirmələri düzgün apara bilmirik, bir neqativlə bağlı haqlı iradı kimlərinsə şəxsi işlərinə qarışmaq kimi dəyərləndiririk. Odur ki, hər bir universitet tələbələrinin davranış qaydaları ilə bağlı özünün qaydaları ya yenidən işləməli, ya da ümumiyyətlə dəyişməlidir".

Nəticə olaraq, geyim sadəcə zövq məsələsi deyil - bu, insanın kimliyi ilə cəmiyyət arasında qurduğu körpüdür. Bu körpü bəzən özünüifadə yoludur, bəzən isə sosial qaydaların əksi. Tələbənin geyim azadlığı ilə universitet mühitinin nizam-intizamı arasında incə bir sərhəd var. Bu sərhədi qorumaq isə qarşılıqlı anlayış və məsuliyyət tələb edir. Unutmayaq ki, azadlıq sərhədsiz olmaq deyil - azadlıq, həm də harada olduğunun, necə göründüyünün və bu görünüşün yaratdığı təsirin fərqində olmaqdır. Geyim mövzusu nə qədər şəxsi olsa da, ictimai bir həyatın içində yaşadığımızı unutmaq olmaz. Və bəlkə də bu məsələdə ən doğru yol - dialoqdur.

Zeynəb Mustafazadə 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
olaylar.az

1Mənbələr