AZ

Dövlətdən böyük vəsait ayrılır, ipəkçilik yenə də çökür...


Akif Nəsirl: “Dövlət proqramına və dövlət dəstəyinə baxmayaraq, barama istehsalı zəifləyib”

Azərbaycanda baramaçılıq tarixi bir ənənəyə malikdir və bu sahə, xüsusilə Dağlıq Şirvan, Quba, və Lənkəran bölgələrində geniş yayılıb.

Bu ənənəni qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək üçün ölkədə kənd təsərrüfatında önəmli yerlərdən birinə malik baramaçılığın inkişafı istiqamətində mühüm addımlar atılıb, o cümlədən müxtəlif proqramlar və layihələr həyata keçirilib. Azərbaycanda barama istehsalı kənd təsərrüfatının dövlət tərəfindən dəstəklənən istehsal istiqamətlərindən biridir. Bu sahənin dirçəldilməsinə 2016-cı ildən başlanılıb. Vaxtilə ölkədə barama istehsalı min tonlarla ölçülən həcmdə olub. Lakin müstəqillik dövründə istehsal minimum səviyyəyə qədər azalıb. 2017-ci ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” da bu sahəyə dövlətin ciddi qayğısını özündə ehtiva edir. Lakin rəsmi olaraq açıqlanan son statistik göstəricilərə nəzər yetirdikdə, son aylar Azərbaycanda bu sahədə məhsuldarlığın kəskin azaldığı müşahidə olunur. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda qeyd edilir ki, 2025-ci il iyulun 8-dək kümçülər tərəfindən tədarük məntəqələrinə 186,6 ton yaş barama təhvil verilib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məlumatında bildirilir. Qeyd olunub ki, hər il olduğu kimi, bu il də ən çox barama tədarükü Zərdab rayonunda aparılıb. Zərdab kümçüləri tədarük məntəqələrinə 32,282 ton yaş barama təhvil veriblər.

Eyni zamanda Zaqatalada 19,147 ton, Balakəndə 17,514 ton, Ağcabədidə 17,141 ton yaş barama tədarük olunub. Şəki (8,628 ton), Qax (8,029 ton), Bərdə (7,343 ton), Füzuli (7,254 ton), Tərtər (6,540 ton), Ağdaş (5,695 ton), Lənkəran (5,426 ton) və Sabirabadda (5,177 ton) yaş barama istehsalı 5 tondan çox olub.

Mütəxəssislərin sözlərinə görə, ümumilikdə barama istehsalında azalma qeydə alınıb.

“Baramanın alınıb emal edilməsi, ixrac edilməsi sahəsi monopoliyadadır və kümçülərə qiymət diqtə edirlər”

Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanda barama istehsalı ildən-ilə azalır: “Ötən il kümçülər mövsüm ərzində 250 tona yaxın yaş barama təhvil verib. Mövsüm hələ başa çatmadığı üçün ehtimal edilir ki, təhvil veriləcək yaş barama var. Ancaq bu sahədə azalma göz önündədir. Baxmayaraq, baramaçılığın inkişafı üçün dövlət proqramı qəbul edilib, həmin proqrama uyğun olaraq istehsal, emal genişlənməli idi. Dövlət proqramına və dövlət dəstəyinə baxmayaraq barama istehsalı zəifləyib. Barama istehsalının zəifləməsinin əsas səbəbi baramanın biznes tərəfidir. Yəni onun alınıb emal edilməsi, ixrac edilməsi sahələri monopoliyadadır, qiymət diqtə edirlər. Bir sözlə, bunlar kümçülərə qiymət oxuyur. Onu da deyim ki, bu işlə bir neçə şirkət məşğul olur, onlar da öz aralarında qiymətlə bağlı razılığa gəlib, yaş baramaya konkret qiymət təyin edir. Konkret qiyməti bazar deyil, inhisarçılar formalaşdırır. Bu səbəbdən də hər il kümçülərin mənfəəti həmin qiymət vasitəsilə əlindən alınır. Bu səbəbdən də barama istehsalına maraq ildən-ilə azalır və barama becərən fermerlərin sayı azalır”.

Ekspert hesab edir ki, bu sahədə yaşanan vəziyyəti inkişaf etdirmək üçün barama bazarında rəqabət yaranmalı, başqa şirkətlərin yaranmasının qarşısında olan əngəllər aradan qalxmalıdır: “Yəni baramanın qəbulu, biznesi ilə məşğul olan şirkətlərin sayı çoxalmalıdır ki, onlar bir-biri ilə qiymət rəqabəti aparsın və yetişdirilmiş baramanın optimal qiyməti formalaşsın. Belə olduqda barama yetişdirən fermerin mənfəətini kommersiya şirkətləri yeyə bilməyəcək və bu təsərrüfata maraq daha da artacaq. Bununla yanaşı, hökumət yaş baramanı kümçülərdən normal qiymətə almaqda maraqlı olmalıdır. Bu cür üsullarla baramaçılıq sahəsi inkişaf edə bilər”.

Günel CƏLİLOVA

Seçilən
13
baki-xeber.com

1Mənbələr