Bağırsaq sağlamlığı ümumi bədən sağlamlığının təməlidir. Qidalanma vərdişləri bağırsaq mikrobiomunu birbaşa təsir edir.
E-saglam.az xəbər verir ki, ABŞ-də fəaliyyət göstərən və Harvard ilə Stanford universitetlərində təhsil almış qastroenteroloq Dr. Saurabh Sethi bağırsaqlar üçün faydalı olan 7 gündəlik qidanı təqdim edib.
1. Yaşıl banan – prebiyotik güc
Azca yaşıl olan bananlar bağırsaqlarda faydalı bakteriyaların çoxalmasına kömək edən davamlı nişasta ilə zəngindir. Həkim bildirir ki, həddindən artıq yetişmiş bananlarda şəkər miqdarı yüksək olduğundan onlara az üstünlük verilməlidir.
2. Qəhvə – hərəkətliliyi artırır
Qəhvə bağırsaq hərəkətlərini artırır və qaraciyər üçün faydalıdır. Ancaq boş mədəyə çoxlu qəhvə içmək reflü, narahatlıq və ishala səbəb ola bilər. Gündə 1-2 fincan, şəkərsiz və qida ilə birlikdə qəbul olunması tövsiyə edilir.
3. Ədviyyatlar – zərdəçal, zəncəfil, şüyüd
Bu ədviyyatlar iltihabı azaldır, bağırsaq divarını gücləndirir və həzmi yaxşılaşdırır. Nizamlı istifadə bağırsaq sağlamlığını dəstəkləyir.
4. Qatıq və fermentləşdirilmiş qidalar
Adi qatıq, kefir və şəkərsiz kələm kimi fermentləşdirilmiş məhsullar faydalı bakteriyaların artmasına kömək edir, zərərli bakteriyaların qarşısını alır.
5. Soyudulmuş ağ düyü – unudulmuş fayda
Soyudulmuş ağ düyü bağırsaqlar üçün faydalı olan davamlı nişasta ilə zənginləşir. Dr. Sethi deyir ki, düyüdən tamamilə uzaq durmaq düzgün yanaşma deyil.
6. Meşə meyvələri – lif və antioksidant mənbəyi
Yaban mersini, moruq, nar kimi meyvələr polifenollar və liflə zəngindir. Bu meyvələr bağırsaqlarda faydalı bakteriyaların qidalanmasını təmin edir və oksidləşdirici stresi azaldır.
7. Çia və reyhan toxumları
Bu toxumlar suyu özünə çəkərək bağırsaqlarda gel formalaşdırır, həzmi asanlaşdırır və mikrobiomu qidalandırır.
Qeyd: Bu məlumatlar ümumi maarifləndirmə məqsədi daşıyır. Sağlamlıqla bağlı qərarlarınızı həkiminizlə məsləhətləşərək verməyiniz tövsiyə olunur.
Tərcümə: Könül Oruc
E-saglam.az