Bakının Yasamal rayonunda yerləşən İzmir parkının ətrafındakı binada yaşayan sakinlər restoran terrasından yüksələn səslər, canlı musiqi və manqal tüstüsünün onların normal həyatına mane olduğundan şikayətlənirlər.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər iddia edirlər ki, bütün səylərinə baxmayaraq, restoranın fəaliyyəti ilə bağlı ciddi dəyişiklik olmayıb.
Ərazidə keçirilən ekoloji monitorinqlər də sakinlərin narahatlığının əsaslı olduğunu ortaya qoyub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan ölçmələr zamanı atmosferə atılan zərərli qazın miqdarı normandan 2 dəfədən çox, səs-küy isə 70.4 desibel səviyyəsində qeydə alınıb. Bu isə qanunla müəyyən edilmiş normaları xeyli aşır.
Sakinlər bildirirlər ki, hətta ötən il Yasamal Rayon Məhkəməsi restoranın saat 23:00-dan sonra musiqi səsləndirməsini qadağan edib və ümumi səs səviyyəsinin 60 desibeli keçməməsi tələbini qoyub. İddialara görə, indi bu tələb də pozulur.
“Xəzər Xəbər” olaraq restoranla əlaqə yaratmağa çalışdıq, lakin qarşı tərəf məsələyə münasibət bildirməkdən imtina etdi. Sakinlər isə mübarizəni hüquqi müstəvidə davam etdirəcəklərini bildirdilər.
O da məlum oldu ki, İzmir restoranının fəaliyyəti ilə bağlı son araşdırmanın nəticələri Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rəsmi şəkildə təsdiqlənib.
Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, restoranın fəaliyyəti zamanı havaya atılan zərərli qazlar və yüksək səs səviyyəsi norma xaricindədir. Bu səbəbdən həmin restorana cərimə tətbiq olunması üçün 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə tapşırıq verilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.