Dünənə qədər Azərbaycan adlı ölkənin yalnız xəritə üzərində mövcudluğundan xəbərdar olan afrikalılar artıq ölkəmizin adına təriflər yağdırır, nəğmələr qoşur, dualar edirlər.
Niyə də etməsinlər?
“Qara qitə”də ortalıqda qalan nə qədər futbolçu varsa, az qala hamısı buradadır.
“Qəbələ”də onsuz da iki qaradərili var idi, əlavə olaraq ikisi ilə də müqavilə imzalandı.
“Zirə” Toqodan 18 yaşlı Abdul Azizlə 4 illik müqavilə bağladı.
Bir vaqon afrikalı da baxışdan keçmək üçün “Kəpəz”in düşərgəsinə təşrif buyurub.
Transfer bazarının qaynar vaxtının olduğunu nəzərə alsaq, Premyer Liqanın kasıb klubları kimi, I Liqa təmsilçilərinin də 2-3 min dollarlıq afrikalıların ovuna çıxacağı gün kimi aydındır.
Limitin aradan qaldırılmasından sonra yerli futbolçulara qucaq-qucaq pul verməkdənsə, ayağı top tutan, qaçmağı yaxşı bacaran qarabalaları dəvət etməyi asan yol seçən klubları hardasa başa düşmək olar. Bir iş ucuz başa gəlirsə, bahaya əl atmağa nə gərək var?
Ancaq “Afrika siyasəti”ndən təhlükə qoxusu gəlir.
Futbol camiəsində gəzən xəbərə inansaq, AFFA-nın limiti aradan qaldırmasının kökündə məhz gənc futbolçuların Azərbaycana axın etməsi niyyəti dayanır.
Məqsəd istedadlı əcnəbiləri yığma komandanın baş məşqçi Fernandu Santuşa göstərmək, portəgiz çalışdırıcının bəyəndiyi oyunçuların milliləşdirilməsinə nail olmaqdır.
Çünki 18-19 yaşlı gənclərə milli pasportu vermək asandır, nəinki dünyanı gəzib-dolaşan hansısa əcnəbini milliləşdirmək.
Yəni, afrikalıları özümüzkiləşdirməkdə “5 il eyni ölkədə yaşamalı, oynamalıdır” kimi sərt tələb yoxdur. Bunu daha asan formada etmək mümkündür. Məsələn, U-19 və U-21 millilərinin qapılarını açmaqla. 1-2 il aşağı yaş qruplarında oynamaqla sonradan “əsas”a yüksələ bilərlər.
Hər halda redaksiyamıza sızan məlumatda belə deyilir.
Santuşun qarşısına qoyulan AÇ-2028-in final mərhələsi hədəfi və baş məşqçinin zaman-zaman gələcəkdəki mümkün dəyişikliklər barədə danışması adamı bu ehtimal üzərində ayaq saxlamağa məcbur edir.
Bizdən deməkdir. Yazdıqlarımızın nə dərəcədə həqiqətə söykəndiyini yaxın gələcəkdə görəcəyik.
Təki deyilən kimi olmasın.
HƏBİB / SPORTİNFO.AZ