Kriptovalyuta platforması "Bitzlato"nun həmtəsisçisi, Rusiya vətəndaşı Anatoli Leqkodımov ABŞ prezidenti Donald Trampa müraciət edərək əfv olunmasını istəyib.
Valyuta.az xəbər verir ki, hazırda ABŞ-da qeyri-qanuni vəsaitlərin yuyulması ittihamı ilə 18 aylıq həbs cəzası almış Leqkodımovun Fransada 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası təhlükəsi var.
"İnterfaks"ın məlumatına əsasən, Leqkodımov əfv ərizəsində ABŞ-ın kriptovalyuta sahəsinə münasibətindəki dəyişikliklərə diqqət çəkib. O, xüsusilə, Donald Trampın daha əvvəl oxşar ittihamlarla məhkum olunmuş bir sıra kriptobirja rəhbərlərini əfv etdiyini vurğulayıb.
ABŞ Ədliyyə Nazirliyi Leqkodımovun 2023-cü il yanvarın 18-də Mayamidə saxlanıldığını açıqlamışdı. Rusiyalı sahibkarın əsas səhmdarı olduğu "Bitzlato" kriptobirjası Honqkonqda qeydiyyatdan keçib. Nazirliyin yaydığı press-relizdə platformanın 700 milyon dollardan çox qeyri-qanuni vəsaitin emalında ittiham olunduğu bildirilib. Həmin məlumata görə, "Bitzlato"nun əsas tərəfdaşı narkotik satışında ixtisaslaşmış rusiyalı darknet bazarı "Hydra" olub.
Rusiya İnsan Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Komitəsinin Rusiya bölməsinin vitse-prezidenti İvan Melnikovun TASS-a verdiyi məlumata görə, ABŞ-dakı proses bir il yarım davam edib. Bu müddət ərzində demək olar ki, bütün ittihamlar sübutların olmaması səbəbindən ləğv edilib və hakim yalnız 18 aylıq həbs qərarı çıxarıb. Leqkodımov bu müddəti artıq istintaq təcridxanasında keçirdiyi üçün tamamlayıb. Melnikov qeyd edib ki, cəza müddəti başa çatdıqdan sonra Leqkodımov Rusiyaya deportasiya edilməli idi. Lakin Fransa ekstradisiya tələbi göndərib. Orada rusiyalı sahibkara ABŞ-da irəli sürülmüş eyni ittihamlar üzrə 20 ilə qədər həbs cəzası verilə bilər.
Paşa Məmmədli