Zaman keçdikcə sağlam olmayan həyat tərzinin yayılması infarkt hallarını yalnız yaşlılar arasında deyil, artıq 20 yaşlarında olan gənclər arasında da artırır.
E-saglam.az xəbər verir ki, mütəxəssislər bu narahatedici artımı xroniki stress, pis qidalanma, hərəkətsiz həyat tərzi, uzun iş saatları və ümumi yaşam tərzindəki pozuntularla əlaqələndirirlər.
"Qızıl Saat" nədir?
Kardioloqlar infarktın başlanğıcından sonrakı ilk 60 dəqiqəni “Qızıl Saat” adlandırırlar. Bu müddət ərzində edilən tibbi müdaxilələr həm həyatda qalma şansını artırır, həm də ürəkdə qalıcı zədələrin qarşısını ala bilir. Bu vaxt çərçivəsində anjiyoplastika və ya trombolitik dərmanlarla müalicə xəstənin həyatını xilas edə bilər.
İlk saat niyə həyati əhəmiyyətlidir?
Tibbi statistika göstərir ki, infarkt keçirən xəstələrin yarısı xəstəxanaya çatmadan həyatını itirir. Gecikən hər saat ürək əzələsinə zərəri artırır. İlk iki saat ərzində ölümcül aritmiya riski yüksəlir və bu səbəbdən xəstənin ürək ritmi ciddi nəzarətdə saxlanılır. Lazım gəldikdə defibrilyator və ya müvəqqəti ürək pilindən istifadə olunur.
Angioplastika — yəni kateter vasitəsilə tıxanmış damarın açılması — qan dövranını bərpa etmək üçün ən effektiv üsullardan biridir. Kateter laboratoriyası əlçatan olmadıqda, laxtalanma əleyhinə dərmanlar tətbiq edilir, lakin bunun ardınca 6-24 saat ərzində angioplastika edilməlidir. Müdaxilə 48 saatdan çox gecikərsə, nəticələr əhəmiyyətli dərəcədə zəifləyir.
İnfarktı həzmsizliklə səhv salmayın
Bəzən infarkt əlamətləri həzmsizlik və ya reflü ilə qarışdırıla bilər. Ancaq aşağıdakı əlamətlər olduqda, dərhal tibbi yardıma müraciət edilməlidir:
Sinə nahiyəsində sıxılma, təzyiq və ya güclü ağrı
Ağrının sol qola, çənəyə, boyuna və ya kürəyə yayılması
Nəfəs darlığı, tərləmə, başgicəllənmə
Ürəkbulanma, narahatlıq və ölüm qorxusu
Dincəldikdən sonra da keçməyən narahatlıq
Qeyd olunur ki, “Qızıl Saat”dan sonrakı hər 30 dəqiqəlik gecikmə, ürəyin funksiyalarında ölçülə biləcək dərəcədə itkiyə səbəb olur.
Erkən müdaxilə həyat xilas edir
Bu bir saat ərzində aparılan müalicə xəstənin qalıcı zədə almadan sağalmasına şərait yaradır. Gecikən hallarda isə ürək çatışmazlığı, ciddi ritm pozuntuları və ani ölüm riski əhəmiyyətli dərəcədə artır.
Mütəxəssislər xüsusilə gənclər arasında infarktla bağlı maarifləndirmənin vacibliyini vurğulayırlar. Çünki bu kritik 60 dəqiqə düzgün reaksiya ilə çox sayda həyatı xilas edə bilər.
Tərcümə: Könül Oruc
E-saglam.az