AZ

Yeni qanun tibb işçiləri üçün nələri dəyişəcək? Millət vəkilindən AÇIQLAMA

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Ötən ay Milli Məclisdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun qəbul edilib. Prezident İlham Əliyev qanunun implementasiyası ilə bağlı fərman imzalayıb. Belə ki, “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna edilən dəyişikliklər əsasında artıq Azərbaycanda praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan və məşğul olmaq istəyən şəxslərin sertifikasiyası üçün iki seçim yolu təklif edilir. Qanunun hazırlanmasında beynəlxalq təcrübəyə istinad olunmuşdur. Belə ki, ölkəmizdə sertifikasiya, həmçinin Dünya Tibb Təhsili Federasiyası tərəfindən tövsiyə edilən davamlı peşəkar inkişafın (DPİ) qiymətləndirilməsi metodu ilə aparılacaqdır”.Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva deyib. O bildirib ki, sertifikasiyanın həyata keçirilməsi üçün təklif olunan yeni üsulla praktiki tibb fəaliyyəti və əczaçılıqla məşğul olan və olmaq istəyən şəxslər davamlı peşəkar inkişaf (DPİ) üsulu üzrə elmi, pedaqoji, tədris fəaliyyətləri həyata keçirməlidir:“Onlara bu fəaliyyətlərə görə kredit balları veriləcək. Yəni tibb işçisi praktiki tibb fəaliyyəti ilə yanaşı, elmi fəaliyyətlə də məşğuldursa, Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunmuş tədbirlərdə, konqreslərdə iştirak edir, məqalələri elmi jurnallarda dərc olunursa, bu, ona kredit balı qazandıracaq. Həmçinin, ali və ya peşə-ixtisas təhsil müəssisəsində və ya digər mərkəzlərdə pedaqoji və tədris fəaliyyəti ilə məşğuldursa, bunun üçün kredit balı veriləcəkdir. Bu isə tibb mütəxəssislərinin yalnız ixtisasartırma kurslarında iştirakla məhdudlaşmaması, peşəkar inkişafları üçün elmi fəaliyyətlərinin inkişafına da stimul verəcək və onları daim öz üzərində işləməyə vadar edəcək.Deputat qeyd edib ki, qanun tibb mütəxəssislərinin beynəlxalq peşəkar mühitə inteqrasiyasına şərait yaradır:

“Beynəlxalq konfranslarda iştirak, beynəlxalq jurnallarda məqalələrin dərc olunması, bu konfranslarda təqdimat, çıxış edilməsi tibb mütəxəssislərinə əlavə kredit balları qazandıracaq. Onu da qeyd edim ki, bu üsul həm əczaçılara, həm də orta tibb işçilərinə də aiddir.Sertifikasiya üçün ənənəvi üsul isə sertifikasiya imtahanından keçməkdir. Hazırkı qanun sertifikasiya şəhadətnaməsi əldə etmək üçün daha çevik və effektiv yanaşma təklif edir. DPİ üzrə fəaliyyətləri olmayan, elmi, pedaqoji, tədris fəaliyyətləri olmayan tibb mütəxəssisləri də ənənəvi qaydada imtahandan keçə bilərlər. Bu imtahanlar mütəmadi olaraq təşkil olunur və keçə bilməyən şəxslər hazırlaşıb yenidən imtahan verə bilərlər”.Millət vəkili son olaraq qeyd edib ki, DPİ üzrə fəaliyyətlərdən minimum kredit balı toplayan şəxslər də sertifikasiya üçün ənənəvi üsul olan imtahandan keçərək şəhadətnamə ala bilər.Cavidan Mirzəzadə

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
2
demokrat.az

4Mənbələr