.jpg)
"PKK bugündən etibarən silahları yerə qoymağa və silahsızlaşmağa başladı"
Bu fikirləri siyasi şərhçi Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:
"Bu gün Süleymaniyyə yaxınlığında yerləşən bir mağarada PKK üzvləri silahlarını mərasim şəklində yandırmağa başladılar. Bu isə PKK-nın silahsızlaşdırılması prosesinin faktiki olaraq başlandığını göstərir və bu prosesin bir neçə ay davam edəcəyi gözlənilir.
Qeyd etmək lazımdır ki, iki gün əvvəl PKK rəhbərlərindən olan Abdullah Öcalan bir müraciət yaymışdı. 7 dəqiqəlik videomüraciətdə o, PKK-nı bir daha silahı yerə qoymağa çağırdı. O, bildirdi ki, artıq silahlı mübarizə dövrü başa çatıb və insanlar öz hüquqlarını siyasi yollarla təmin etməlidirlər.
Öcalanın bu istiqamətdə ilk açıqlaması fevral ayında verilmişdi və həmin vaxt da o, PKK-ya silahlı mübarizəni dayandırmaq çağırışı etmişdi. Daha sonra PKK silahları yerə qoyacağını rəsmi şəkildə bəyan etdi. Bu proses ümumilikdə 2024-cü ildən bəri davam edir.
Hətta MHP lideri Dövlət Baxçalı da bu prosesin başlanmasında rol oynayan şəxslərdən biri kimi qiymətləndirilir. Ardınca HDP nümayəndələrinin Öcalanla görüşləri baş tutdu və bu görüşlərdə Öcalanın PKK-ya yönəlik silah buraxmaq çağırışı müzakirə olundu. Lakin bəzi nümayəndələr bu çağırışa kifayət qədər reaksiya vermədilər.
Ümid edək ki, bu, PKK-nın sonunun başlanğıcı olacaq. Yəni, bundan sonra Türkiyəyə 40 ildən artıq müddətdə təhdid yaradan bu terror təşkilatı fəaliyyətini dayandıracaq və ölkədə sülh və sabitlik bərqərar olacaq.
Xatırlatmaq lazımdır ki, PKK 40 ildən artıq dövrdə 40 mindən çox insanın həyatına son qoyub. Türkiyəyə milyardlarla dollar maddi zərər vurub. Amma burada bir vacib məqam da var - hər hansı bir terror təşkilatının tamamilə aradan qalxması üçün onu doğuran səbəblər də aradan qaldırılmalıdır. Türkiyə daxilində bu amillərin aradan qalxdığı görünür. Lakin xarici faktorlar da az önəm daşımır. PKK-nı dəstəkləyən xarici dövlətlər uzun illər ərzində bu təşkilatın varlığını davam etdirməsinə yardım ediblər. Bu dəstəyin dayandırılması da vacib məsələdir.
Əvvəllər də PKK-nın silahı buraxması ilə bağlı çağırışlar olmuşdu. 2013-cü ildə Abdullah Öcalanın atəşkəslə bağlı çağırışı, 2015-ci ildə isə Dolmabahçe razılaşması olmuşdu. Lakin həmin razılaşmalar gözlənilən nəticəni vermədi. Daha sonra PKK yenidən hücumlara başladı və Türkiyə də buna cavab olaraq Suriya və İraqda hərbi əməliyyatlara start verdi.
Ümid edək ki, bu dəfə eyni ssenari təkrarlanmayacaq və PKK bir dəfəlik olaraq Türkiyə tarixindən silinəcək. Təbii ki, bu prosesin tamamlandığını qəti şəkildə demək çətindir. Lakin bu istiqamətdə ciddi addımlar atılır. Əgər proseslərdə gözlənilməz dəyişikliklər baş verməzsə, PKK-nın silahsızlaşdırılması uğurla başa çatacaq və bu problem tarixə qovuşacaq.
Ancaq nəzərə almaq lazımdır ki, bəzi faktorlar gələcəkdə bu və ya digər formada - hətta fərqli ad altında - terrorun yenidən canlanmasına səbəb ola bilər. Ona görə də Türkiyə həm daxildə, həm də xaricdə milli maraqlara əsaslanan və eyni zamanda çevik siyasət yürütməlidir ki, bu təhlükə bir daha baş qaldırmasın."
İbrahim Məmmədli