AZ

"Cənubi Qafqazda sülh və sabitlik dövrü artıq geriyə dönməz xarakter daşıyır" — ŞƏRH

"Əbu Dabi görüşünün əhəmiyyəti olduqca böyükdür. Bu görüşdə bir daha məlum oldu ki, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanma prosesi yenidən start götürdü. Üstəlik, olduqca sürətli bir xarakter daşımağa başladı. Bunun əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan beş saata yaxın Cənubi Qafqazdakı sülh prosesini və eyni zamanda Zəngəzur dəhlizinin açılmasıyla bağlı məsələləri, eləcə də iki ölkə arasında sərhədlərin delimitasiya edilməsi mövzusunu geniş şəkildə müzakirə ediblər. Üstəlik, bu görüşdən hər iki tərəf pozitiv əhval-ruhiyyədə ayrılıblar".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib. 

O bildirib ki, bu, onu göstərir ki, Cənubi Qafqazda sülh və sabitlik dövrü artıq geriyə dönməz xarakter daşıyır və bu regionda kənar güclərin qarşıdurma yaratmaq planları baş tutmayacaq:

"Yəni, Cənubi Qafqaz bütövlükdə yeni inkişaf mərhələsinə qədəm qoymaq şansı qazanır. Digər tərəfdən, bu görüş bir daha sübut etdi ki, iki tərəfli birbaşa təmaslar daha effektivdir. Bu formatın müəllifi Azərbaycan Prezidenti İlham Əliyevdir. Azərbaycan Prezidenti birbaşa təmaslar formatının davam etdirilməsində israrlı mövqe tutur və bunun effektivliyi hər iki tərəf tərəfindən etiraf edilir. Hər iki tərəf birbaşa təmaslarla mövcud problemlərin aradan qaldırılmasında ciddi addımlar atırlar. Bu baxımdan, növbəti dəfə bütün dünyaya mesaj verildi ki, Azərbaycan və Ermənistan sülh prosesini kənar vasitəçilər olmadan davam etdirmək niyyətindədirlər".

Politoloq qeyd edib ki, Rusiya, Avropa Birliyi və s. beynəlxalq güclər Cənubi Qafqazdakı sülh prosesinə müdaxilə etmədikdə, proses daha müsbət nəticələr verir:

"Ən önəmli məqamlardan biri odur ki, həm Rusiya, həm də Avropa Birliyi, o cümlədən ermənipərəst Fransa artıq qəbul edir ki, bu prosesə müdaxilə imkanları tükənir. Son görüş həmçinin Rusiya vasitəçiliyinin əhəmiyyətini azaldıb. Hər iki tərəf sübut etdi ki, vasitəçilərsiz danışıqlar daha asan və effektlidir. Rusiya artıq Cənubi Qafqazda təsir imkanlarını itirir və qərb dairələri də proseslərə birbaşa daxil ola bilmir.

Beləliklə, bölgədə yeni bir balans formalaşır. Cənubi Qafqaz kənar müdaxilələrsiz inkişaf perspektivlərini dəyərləndirə bilir. Bu isə yeni bir mərhələnin başlanğıcıdır. Azərbaycan və Ermənistan arasında imzalanacaq yekun sülh sazişi bölgənin gələcəyi üçün böyük əhəmiyyət daşıyır. Bu son görüş isə həmin mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər".

Əfsanə Kamal
Demokrat.az
Seçilən
2
1
demokrat.az

2Mənbələr