Azərbaycan cəmiyyətində adqoyma prosesi tarixin müxtəlif dövrlərində fərqli sosial, mədəni və emosional təsirlər altında formalaşıb. Bir vaxtlar adlar ailə ağsaqqallarının, dini şəxsiyyətlərin və ya tarixi qəhrəmanların adları əsasında seçilirdi. Uşağa ad qoymaq ailə böyüklərinin məsuliyyəti sayılırdı və çox vaxt bu seçimlə ailənin keçmişinə hörmət, gələcəyə isə bir növ dualı inam yönəldilirdi. Əcdad adlarının yaşadılması həm mənəvi borc, həm də kimlik davamlılığının bir parçası kimi qəbul olunurdu.
Lakin bu gün həmin yanaşma dəyişməkdədir. Müasir dövrdə valideynlər arasında fərqlilik yaratmaq, unikal olmaq, başqalarından seçilmək istəyi daha ön plana çıxır. Bəziləri övladının adının yadda qalmasını, digərləri isə onu heç kimdə olmayan bir adla çağırmağı arzulayır. Bu arzular isə bəzən adların mənasını, onun fonetik uyğunluğunu, dil qaydalarını və ya cəmiyyətin ümumi qəbulunu arxa plana atır. Valideynin şəxsi zövqü və təəssüratı çox zaman ad seçiminin əsas meyarına çevrilir.
İllər öncə eşidəndə təəccübləndiyimiz bəzi adlar bu gün artıq doğum haqqında şəhadətnamələrdə rəsmi şəkildə yer almaqdadır. Dövlət Statistika Komitəsinin 2025-ci ilin ilk altı ayına dair açıqladığı məlumatlara əsasən, yeni doğulan uşaqlar arasında "Tarif", "Dua", "Ayala", "Xoşaxan", "Nənəş", "Binəli" və "Həkim" kimi qeyri-ənənəvi və gözlənilməz adlar qeydiyyata alınıb. Bu adların hər biri ilk baxışda təəccüb və sual doğurur. Lakin daha dərindən baxdıqda, bu tendensiyanın cəmiyyətin dəyişən düşüncə tərzinin, fərqlənmək istəyinin, fərdi yanaşmaların və bəzən də ad seçiminə dair məlumatsızlığın əlaməti olduğunu görürük.
Əcnəbi mənşəli adlara maraq da son illərdə xeyli artıb. "Milan", "Zara", "Elissa", kimi adlar artıq tək-tük hallarda deyil, geniş yayılan seçimlərə çevrilib. Bu adlar çox vaxt ailələrin şəxsi zövqlərini, müasirliyə olan meyllərini, bəzən isə məşhur simaların və xarici mədəniyyətin təsirini əks etdirir. Sosial media, internet, televiziya və seriallar vasitəsilə dünya ilə daha sıx təmasda olan cəmiyyətlərdə bu təsirlər daha da güclənib. Valideynlər bəzən bir adın hansı mədəniyyətə aid olduğunu və onun semantik dəyərini araşdırmadan, sadəcə "xoş səslənir" deyə övladına qoyur. Bu zaman adın dilimizə uyğunluğu, mənası və daşıyacağı kimlik yükləri çox da nəzərə alınmır.
Uşaq dünyaya gələndə hələ özünü ifadə edə bilmir, onun yerinə qərarları böyüklər verir. Bu qərarların ən birincisi və bəlkə də ən qalıcı olanı - onun adıdır. Valideynin bu seçimdə hansı duyğularla hərəkət etməsi, hansı ehtiyaclarını övladının adına yükləməsi, əslində, psixoloji bir prosesin nəticəsidir. Bəzən ad sadəcə bir ad olmur - bir inancın, bir boşluğun, ya da bir göstəriş ehtiyacının ifadəsinə çevrilir.
Bütün bunlar isə bizə bir sual düşündürür: valideyn ad seçərkən əslində nə düşünür? Bunun arxasında hansı psixoloji səbəblər dayanır?
Bu suallara cavab tapmaq üçün psixoloq Nabat Mirzəyeva mövzu ilə bağlı Olaylar.az-a açıqlama verib:
" Valideyn ad qoyduğu zaman şüuraltısında yatan psixologiyası mütləq şəkildə orada əks olunur. Məsələn, adlar var ki, tarixi adlardır, nəsildən-nəslə ötürülən adlardır, itirdiyimiz insanların adlarıdır, yaxud sadəcə sevdiyimiz adları da uşağa qoya bilirik. Tarixi adlar olduğu zaman bu, tarixi şəxsiyyətlərə, yaşanmışlıqlara və həmin adların daşıdığı mənalara istinad edir. Eyni zamanda itirdiyimiz yaxınlarımızın adlarını da övladımıza verə bilirik. Məsələn, bacı-qardaş, valideyn və s. itirdiyimiz insanların adlarını qoyaraq onların adını yaşatmaq istəyirik.
Yaxud bir insan övladına Arzu, Ümid, Güvən, İnanc kimi adlar qoyursa, bu, onun həmin duyğulara olan inamını, güvənini, arzusunu ifadə edir. Beləliklə, sanki valideyn öz arzularını, xəyallarını, istəklərini övladı vasitəsilə həyata keçirmək istəyir. Bəzən valideynlər tamamlanmamış arzularını uşaqlarında görürlər, bu düşüncə ilə ad seçirlər. Eləcə də, bəzi valideynlər öz adlarını sevmədikləri üçün övladlarına daha gözəl, maraqlı və diqqətçəkən adlar qoymağa çalışırlar.
Əgər biz həyatda bəzi arzularımızı, istəklərimizi gerçəkləşdirə bilməmişiksə, övladımızın bu arzuları reallaşdırmasını istəyirik. Bu səbəblə ona həmin arzularla bağlı adlar veririk. Məsələn, itirdiyimiz insanların yaşaya bilmədiyi duyğuları, ya da bizə gözəl həyat yaşatmış şəxslərin adlarını övladımıza qoyuruq. Beləcə, həmin insanları bir ömür boyu yaşadırıq.
Bəzən də vicdan hissi ilə hərəkət edirik - yəni zamanında bir insana qarşı edə bilmədiklərimizi bu dəfə övladımıza edərək həmin hissləri tamamlamağa çalışırıq. Tarixi və nənə-baba adları uşaqlar tərəfindən cəmiyyət daxilində fərqli qarşılana bilər. Məsxərəyə qoyula, lağ edilə bilər.
Uşaqlar bu cür zarafatlarla qarşılaşdıqda özlərini pis hiss edə bilərlər. Bu da onların gələcəkdə öz adlarını sevməmələrinə gətirib çıxara bilər. Həmin ad onları narahat edər və nəticədə onların özlərinə olan inamına, güvəninə, sosial münasibətlərinə və şəxsiyyətlərinə mənfi təsir göstərə bilər. Belə hisslər yaşamaq isə uşağın arzularına, xəyallarına, hədəflərinə çatmasında böyük maneə yarada bilər.Adımızın həyatımızda çox böyük rolu var.
Əgər uşaqlar adlarının mənfi nəticələrini hiss edirlərsə, ilk növbədə valideyn bunu anlamalıdır. Övladının hiss etdiyi neqativliyi - dostlarının, ətrafın lağ etdiyini, adının onu sıxdığını, sevmədiyini başa düşməlidir. Daha sonra isə mütləq şəkildə uşağa o adın niyə seçildiyi, hansı səbəblərlə qoyulduğu izah edilməlidir. Əgər uşaq yenə də narahatlıq hiss edirsə, valideyn deyə bilər ki, "Gəlin, sənə ləqəb qoyaq." Bu ləqəbdən gündəlik həyatda, məktəbdə, cəmiyyətdə istifadə oluna bilər.
Əgər uşaq müəyyən yaşa çatıbsa və hüquqi baxımdan qərar vermək imkanına malikdirsə, istədiyi adla öz adını dəyişmək hüququ var. Cəmiyyət nə etməlidir? Cəmiyyət də anlayışlı olmalıdır. Əgər uşaq və ya gənc həmin adla bağlı psixoloji sarsıntı keçirirsə, özünəinamı və özünü sevmə hissi zədələnirsə, valideynin borcu onun yanında olmaqdır. Cəmiyyətin isə məsuliyyəti həmin uşağı gücləndirmək, onu qəbul etmək və lazım gəldikdə ona psixoloji dəstək göstərməkdir. Əgər uşaq adını dəyişmək istəyirsə, valideynlər ona bu yolda dəstək olmalıdır. Axır nəticədə, valideyn övladını anlamalıdır, cəmiyyət isə onu gücləndirməlidir".
Adların seçimində təkcə psixoloji və emosional səbəblər deyil, dil baxımından da müəyyən həssaslıq tələb olunur. Axı ad dediyimiz söz birbaşa dilin içindən doğulur və xalqın danışıq mədəniyyətinə, səs harmoniyasına uyğun olmalıdır.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü Olaylar.az-a açıqlamasında bildirib ki, adın seçimi təkcə zövq məsələsi deyil, həm də dilin norma və qaydalarına hörmət məsələsidir:
"Ad insanın pasportudur. Şəxs adlarının məqsədi cəmiyyət üzvlərini bir-birindən fərqləndirməkdir. Uşaqlara uyğunsuz ad qoymaq olmaz. Ona görə də hər bir ad seçilərkən düzgün düşünülməlidir. Onların mənası, səslənməsi, ahəngdarlığı diqqət mərkəzində olmalıdır.
Advermə cəmiyyət tarixində çox zəruri və qanunauyğun hadisədir. Həmçinin insana ad vermək son dərəcə çətin və məsuliyyətli bir işdir. Bununla belə, advermə olduqca şərəflidir.
Müasir dövrdə illərin təcrübəsi artdıqca şəxs adlarına daha çox əhəmiyyət vermişlər. Ad seçimində cəmiyyətin müasir tələbləri nəzərə alınmalıdır.
Müasir cəmiyyətin ümummədəni problemlərinin zəruri hissələrindən birini xüsusi ad mədəniyyəti məsələsi təşkil edir.
Azərbaycan Respublikası Prezidentinin 14 iyul tarixli 294 nömrəli Fərmanının 1.4. maddəsinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə gəncin cinsinə uyğun gəlməyən və gülünc adın verilməsinə yol verilmir. Təəssüf ki, bir sıra validyenlər aşağıdakı adları uşaqlarına verirlər: Mayar, Maynisə, Kürsüm, Kurtkaya, Qəribə, Dominik, Alay, Alaya, Alana, Alaz, Aya, Ayə, Ayat, Ayasofya, Ayanur, Balay, Balabikə, Şirbəy, Bircəgül, Gülüzə, Gülan, Gülqənd, Gülənməd, Gülsurat, İton, Elqam, Elaine, Ellda, Elfun, Elba, Yaşam, Dalila, Daliya, Ayris, Ayçan, Ayid, İyad, Faləddin və s.
Ad mədəniyyətinin indiki şəraitdə inkişafına xüsusi nəzarət var. Belə adların qoyulması ailələrin fərdi baxışlarından, dünyagörüşlərindən irəli gəlir. Kömək məqsədilə körpələrə ad seçmək və ad qoymaq üçün dilçilikdə xeyli sayda Şəxs adları lüğəti, Şəxs adları ensiklopediyları nəşr olunub. Valideynlər ad seçərkən belə mənbələrdən istfadə etməyi tövsiyə edirik.
Şəxs adlarının əsas xüsusiyyətlərindən biri nitqdə başqa sözlərə nisbətən çox tez-tez işlənməsidir. İctimai yerlərdə, iş prosesində şəxs adları tez-tez səslənir. Hər bir adam ilk görüşdə öz adını söyləyir. Ona görə də adlar uşağa verilərkən düzgün seçilməlidir.
İnsanlar adla bir-birinə müraciət edir. Buna görə də hər bir şəxs adı insanlar arasında ünsiyyətə, münasibət yaratmağa xidmət edir.
Şəxs adları müəyyən məna ilə bağlıdır. Dünyaya yenicə göz açan hər bir körpəyə ad seçmək, onu düzgün adlandırmaq zəruri ictimai hadisələrdəndir. Buna görə də uşağa ad seçmək, ona ad vermək gənc ata-analardan ciddi məsuliyyət tələb edir. Bu, tarixən belə olmuş, bundan sonra da məsuliyyətli vəzifə olaraq qalacaqdır.
Adın gözəlliyi, təravəti onun düzgün deyilişi və yazılışından çox asılıdır.
Şəxs adlarından ədəbi tələffüz normaları əsasında istifadə edilməsi yüksək nitq mədəniyyətinin əsas əlamətlərindən biridir"
Adlar təkcə fərdi kimlik deyil, həm də milli yaddaşın bir hissəsidir. Bir uşağa verilən ad yalnız ailənin deyil, bütöv bir dilin, bir toplumun estetik və fonetik yaddaşında yer tutur. Dilin qaydalarına uyğun gəlməyən, sanki başqa dillərin səs axarından zorla alınmış və ya süni şəkildə düzəldilmiş adlar bu yaddaşda təhriflər yaradır. Fonetik uyğunsuzluq, semantik məna qıtlığı və dilin ruhuna yad səslənmə gələcəkdə həm o adı daşıyan uşağın, həm də o adı qəbul edən cəmiyyətin dil duyumuna zərbə vurur. Unutmayaq ki, ad həm də bir dildir - insanın özünü təqdim etdiyi ilk söz, ilk cümlədir. Bu ilk cümlə nə qədər aydın, mənalı və doğma səslənsə, insan özü ilə barışıq, dili ilə vəhdətdə olar. Əgər biz milli kimliyimizi, dilimizin gözəlliyini və estetik gücünü qorumaq istəyiriksə, ad seçimində də bu incəlikləri nəzərə almalı, dilin ruhuna uyğun, həm mənalı, həm də gözəl səslənən adlara üstünlük verməliyik. Axı bir xalqın dili onun ruhudur, adları isə bu ruhun səsi.
Zeynəb Mustafazadə