AZ

"Ermənistan kənar təsirə məruz qalmasa, sülh müqaviləsinin imzalanacağı gün uzaqda deyil" - Deputat

"Dünən Birləşmiş Ərəb Əmirliklərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında təkbətək görüş keçirildi. 5 saat davam edən bu görüş, əlbəttə ki, bütün dünyanın diqqət mərkəzində idi. Əldə etdiyimiz zəfərdən keçən 5 il ərzində sülh prosesinin imzalanması istiqamətində Azərbaycanın həyata keçirdiyi konstruktiv addımların bu görüş kulminasiya nöqtəsi idi".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında təkbətək görüşdən danışarkən bildirdi.

"Əlbəttə ki, Azərbaycanın görüş öncəsi irəli sürdüyü bütün şərtlər sülh müqaviləsinin imzalanmasını gərəkdirən şərtlər dünən 5 saatlıq görüş çərçivəsində yenidən ələ alındı və Azərbaycan tərəfindən müzakirə obyekti kimi görüşdə iştirak edən digər tərəfin nəzərinə çatdırıldı. Ən əhəmiyyətli məqam olan Konstitusiyanın dəyişdirilməsi, burada Azərbaycanın ərazi bütövlüyünü təhdid edən ifadələrin Konstitusiyadan çıxarılması, ATƏT-in Minsk qrupunun ləğv edilməsi, Zəngəzur dəhlizi, sərhədlərin delimitasiyası kimi məsələlər 5 il ərzində aktual olduğu kimi, dünənki görüşün də ana xəttini təşkil edib.

Görüşdən sonra verilən açıqlamada, həm Ermənistan Xarici İşlər Nazirliyinin, həm də Azərbaycanın XİN-in verdiyi məlumata əsasən, tərəflər irəli sürülən məsələlərin həlli yönündə bundan belə heyətlərarası danışıqların davam etdirilməsi istiqamətində razılığa gəliblər", - deyə millət vəkili xatırlatdı.

Onun sözlərinə görə, son zamanlarda görülən odur ki, Paşinyanın ən azından bu yaxın zamanda İlham Əliyevin Türkiyəyə səfərindən sonra dərhal Türkiyəyə səfər etməsi, Türkiyə Prezidenti Ərdoğanla keçirdiyi görüşlər və ümumilikdə Paşinyanın açıqlamaları, "Ermənistanda konstitusiya dəyişdirilə bilər, bunun üçün referendum keçirilə bilər" kimi fikirlər, bir hökumət rəhbəri tərəfindən dilə gətirilən bu ifadələr onu deməyə əsas verir ki, Ermənistan həqiqətən artıq sülh müqaviləsini imzalamaqdan başqa yolun qalmadığını çox yaxşı dərk edir.

"Çünki bu sülh müqaviləsinin imzalanması birinci növbədə elə Ermənistanın özünə, öz ölkəsinə və öz xalqı üçündür. Bu gün müqavilənin imzalanmasını sadəcə Azərbaycan istəmir. Bu, sadəcə olaraq bölgənin təhlükəsizliyini, əmin-amanlığını və iqtisadi yüksəlişini ehtiva etmir. Həmin bölgənin bir parçası olan Ermənistanın sabitliyini və gələcək inkişafını da ehtiva edir.

Əgər Ermənistan yenə bu günə qədər qızışdırıcı mövqedə dayanan, tez-tez Ermənistanın mövqeyini dəyişdirməyə məcbur edən, bu bölgədə marağı və çıxarları olan tərəflər tərəfindən təsirə məruz qalmasa, yəni bu qüvvələr yenidən bu işə qarışıb müdaxilə etməzlərsə və Ermənistan son zamanlarda sərgilədiyi mövqeni davam etdirərsə, sülh müqaviləsinin imzalanacağı günün çox uzaq olmadığını deyə bilərik", - deyə Jalə Əliyeva bildirdi.

Xədicə BAXIŞLI

Seçilən
3
1
redaktor.az

2Mənbələr