Bu reallığa çox yaxınıq — Deputat Zəngəzur dəhlizindən DANIŞDI
“BƏƏ-nin Abu-Dabi şəhərində Azərbaycan və Ermənistan dövlət başçıları arasında keçirilmiş görüş ölkələrimiz arasında münasibətlərin normallaşdırılması baxımından çox əhəmiyyətlidir. Vasitəçisiz olaraq iki ölkə 5 saata yaxın bir müddətdə geniş spektrli mövzularda müzakirələr apardı. Təbii ki, danışıqlar mövzularından biri də Zəngəzur dəhlizi ilə bağlı məsələ olub”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. O bildirib ki, Zəngəzur dəhlizi Paşinyanın Türkiyəyə səfəri zamanı da müzakirə olunub:
“Çünki Zəngəzur dəhlizi regional və qlobal əhəmiyyətli məsələdir. Bu dəhlizin açılması böyük bir coğrafiya arasında fiziki bağlantının yaranmasına və ticari əlaqələrin daha səmərəli qurulmasına yol açacaq. Bu baxımdan Zəngəzur dəhlizinin açılması labüddür.Bununla yanaşı, Zəngəzur dəhlizində təhlükəsizliyin təmin edilməsi ilə bağlı fərqli müzakirələr gedir. Bunlardan biri də ABŞ-nin neytral bir şirkəti tərəfindən Zəngəzur dəhlizində təhlükəsizliyə nəzarətin həyata keçirilməsi ilə bağlıdır. Ölkəmiz üçün dəhlizə kimin nəzarət edəcəyindən daha önəmlisi, Şərq rayonlarımızla Naxçıvan arasında maneəsiz keçidin təmin olunması vacib məsələdir. Bəli, Zəngəzur dəhlizi həm beynəlxalq daşımalar üçün istifadə olunacaq, həm də Azərbaycanın daxili daşımaları üçün maneəsiz keçidi təmin edəcəkdir. Hesab edirəm ki, bu reallığa da çox yaxınıq”.
Cavidan Mirzəzadə
Demokrat.az