İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında sülh gündəliyinin müzakirəsi üzrə birbaşa görüş keçirilib. Görüşün əsas özəlliklərindən biri heç bir vasitəçi ölkənin iştirakı olmadan, tamamilə tərəfsiz formatda baş tutması olub. Bəs, İran, Rusiya və Türkiyənin bu prosesə münasibəti necə ola bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, bu görüş dünya tarixində nadir hallarda rast gəlinən diplomatik addımdır:
Zeynal Əmrəliyev
“Azərbaycan və Ermənistan heç bir vasitəçi dövlətin iştirakı olmadan birbaşa danışıqlarda iştirak etdilər. Halbuki, bu vaxta qədər Rusiya, ABŞ və Avropa İttifaqı dəfələrlə vasitəçilik təklifləri irəli sürmüşdü. Peterburq, Brüssel, Vaşinqton kimi şəhərlərdə müxtəlif formatda görüşlər keçirilmişdi. Amma bu dəfə tərəflər görüşün bitərəf ölkədə keçirilməsini üstün tutdu”.
Əmrəliyev hesab edir ki, bu, həm Azərbaycan, həm də Ermənistanın xarici maraqlı qüvvələrin təsirindən yayınmaq cəhdidir:
“Tərəflər bu formatla göstərdilər ki, üçüncü ölkələrin ümumi nəticəyə təsir göstərməsinə imkan vermək niyyətində deyillər. ABŞ, Aİ, Rusiya, İran və Türkiyə kimi ölkələrin münasibəti olsa belə, nəticəyə birbaşa təsir göstərə bilməyəcəklər”.
ranın son vaxtlara qədər Zəngəzur dəhlizi və regional kommunikasiyalarla bağlı sərt mövqe nümayiş etdirdiyini xatırladan ekspert bildirib ki, yeni prezident Məsud Pezeşkianın açıqlamaları fonunda Tehranın münasibətində müəyyən yumşalma hiss olunur:
“Düşünmürəm ki, İran bu məsələyə qarşı ciddi reaksiya versin. Versə belə, bunun nəticəyə təsiri olmayacaq. Bu, iki dövlətin – Azərbaycanın və Ermənistanın öz aralarındakı məsələdir və heç bir ölkə ilə münasibətləri pozmaq niyyətində deyilik”, – politoloq fikrini tamamlayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az