Uzun sürən axtarışdan sonra Norveçin seçimi olan K9 VIDAR özüyeriyən artilleriya qurğusu gözləntiləri doğruldur, Ukrayna müharibəsi isə artilleriyanın döyüş meydanındakı əhəmiyyətini bir daha təsdiqləyir.
“Poliqon” xəbər verir ki, bu, Norveç Müdafiə Tədqiqatları İnstitutunun yaydığı hesabatda öz əksini tapıb.
Hesabatda bildirilib ki, köhnəlmiş M109 sistemini əvəzləmək üçün yeni artilleriya vasitələrinin alınması uzun müddət davam edən bir proses olmuşdur. Bu proses 2000-ci illərin əvvəlində Niderlandın “Panzerhaubitze 2000” özüyeriyən artilleriya qurğularını (ÖAQ) Norveçin hava hücumundan müdafiə (HHM) sistemləri ilə dəyişdirmək layihəsi ilə başlamışdır. Sözügedən razılaşma ləğv edilmiş və əvəzinə İsveçlə birgə “Archer” ÖAQ-larının hazırlanması üzrə inkişaf layihəsi həyata keçirilmişdir. Bu razılaşma da sonradan ləğv olunmuş və nəticədə Cənubi Koreyanın “Hanwha Systems” şirkətindən K9 VIDAR ÖAQ alınmışdır.
Norveç tərəfi və “Hanwha” arasında K9 ÖAQ-ların satın alınmasına dair müqavilə 2017-ci ildə imzalanmış və artilleriya sistemləri 2020-ci ildə Orduya təhvil verilmişdir. Layihə çərçivəsində müəyyən miqdarda döyüş sursatı, o cümlədən dəqiqliklə idarə olunan sursatın da alınması planlaşdırılmışdı. Lakin bu hissə vaxtında yerinə yetirilməmiş, eyni zamanda həcmi də dəyişmişdir. Hazırda sursatların tədarükü tamamlanmamışdır.
P5447 layihəsi çərçivəsində yeni artilleriya sistemləri Norveç Ordusuna vaxtında və büdcə daxilində çatdırılmışdır. Sistemlərin keyfiyyəti də layihənin rəhbər sənədlərinə uyğundur. Layihənin təsir məqsədlərinə nail olunması baxımından qiymətləndirmə göstərir ki, onların əksəriyyəti əldə olunmuşdur. Lakin üçüncü təsir məqsədi – artilleriya qabiliyyətini saxlama xərcləri ilə bağlı olan məqsəd yerinə yetirilməmişdir.
Qiymətləndirmə layihənin həyata keçirilməsi nəticəsində ortaya çıxmış mühüm əlavə təsirləri müəyyən etməmişdir. Mənfi təsirlər müşahidə olunmamış, müəyyən edilmiş müsbət təsirlər isə əsasən Müdafiə Satınalmaları Agentliyinin bu layihədən öyrənmək bacarığından asılı olacaqdır. Buna görə də bu təsirlər bir qədər qeyri-müəyyəndir.
Layihənin aktuallığı, investisiya qərarının verildiyi dövrdə olduğu qədər yüksək olaraq qalır. Ukrayna müharibəsi göstərdi ki, artilleriya düşmənə ciddi itkilər verə bilir və müasir ordu strukturlarında hələ də əhəmiyyətli bir qabiliyyətdir. Bununla belə, həmin müharibə bu tip sistemlərin zəif cəhətlərini də üzə çıxarmış və müasir müharibələrdə pilotsuz uçuş aparatlarının (PUA) əhəmiyyətini ön plana çəkmişdir.
Sistemin dayanıqlılığı yaxşıdır, lakin qiymətləndirmə bəzi amilləri də müəyyən etmişdir ki, bunlar sistemin xidmət müddəti boyunca lazımi səviyyədə işlək qalmasının mümkünlüyünə dair suallar doğura bilər.
Nəticə olaraq, qiymətləndirmə göstərir ki, layihə sosial-iqtisadi baxımdan səmərəli bir sərmayə kimi görünür.
Qeyd edək ki, 2022-ci ilin noyabr ayında Norveç hökuməti Cənubi Koreyanın “Hanwha Land Systems” şirkətindən 28 ədəd K9 ÖAQ və 14 ədəd K10 nəqletmə-doldurma maşını satın alıb.
Bundan başqa, hazırda bu ölkənin İşçi Partiyası, Norveç hökumətinə yaradılması planlaşdırılan Finmark Briqadasında bir artilleriya taboru təşkil etmək üçün əlavə 24 ədəd yeni K9 ÖAQ-ın alınmasını təklif edir.