
Arda Turanın rəhbərlik etdiyi “Şaxtyor Donetsk” klubu Avropa Liqasının seçmə mərhələsinin ilk oyununda Finlandiya təmsilçisi “İlves” klubu üzərində böyük hesablı qələbə qazanaraq (6:0) avrokubok mövsümünə rekord nəticə ilə başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu, “mədənçilər” üçün Avropa kuboku turnirinin seçmə mərhələsində ən böyük qələbə olub.
“Şaxtyor”un indiyədək seçmə mərhələsindəki ən böyük qələbəsi Çempionlar Liqasının 2000/01 mövsümünün seçmə mərhələsinin cavab oyununda Estoniyanın “Levadiya” klubuna 5:1 hesabı ilə qalib gəlməsi olub.
Digər tərəfdən, “Şaxtyor” Arda Turanın rəhbərliyi altında bütövlükdə Avropa yarışları tarixində klubun ikinci ən böyük qələbəsini əldə edib.
Bundan əvvəlki rekord 2014-cü ilin oktyabrında Çempionlar Liqasının qrup mərhələsində Belarusun BATE klubu üzərindəki qələbə (7:0) olub.
Həmçinin, “İlves”lə qarşılaşma klubun yeni baş məşqçisi Arda Turan üçün rəsmi debüt olub.
Qeyd edək ki, “Şaxtyor”-“İlves” cavab oyunu iyulun 17-də keçiriləcək.