AZ

Azərbaycan çempionu olmuş serb: “İliç “Sumqayıt”dan təklif alan kimi mənə zəng vurdu”

“Saşa İliçi çox yaxşı tanıyıram. O, mənim dostumdur”.

İdman.biz xəbər verir ki, bunu Futbolxeber.az-a açıqlamasında serbiyalı müdafiəçi Vojislav Stankoviç deyib.

Uzun illər Azərbaycanda çıxış etmiş təcrübəli müdafiəçi həmyerlisinin “Sumqayıt”ın baş məşqçisi təyin olunmasına münasibət bildirib: “Uzun illər “Partizan”da İliçlə birgə oynamışıq. İndi o, məşqçi kimi fəaliyyətini “Sumqayıt”da davam etdirəcək. Bu klubdan təklif alan kimi mənə zəng vurdu. Danışdıq, mən ona dedim ki, “Sumqayıt” yaxşı klubdur. Hər zaman yaxşı nəticələrə can atır, baxımlı futbol sərgiləyir. Təklifi dəyərləndirsə, əla olar”.

Stankoviç vurğulayıb ki, İliç istədiyi heyəti formalaşdırsa, “Sumqayıt” yüksək yerlər uğrunda mübarizə apara bilər: “İliç gənc, perspektivli məşqçidir. Söylədim ki, təklifi dəyərləndirsə, yaxşı olar. Yekunda o da “Sumqayıt”a yollandı. Ümid edirəm ki, orada fəaliyyəti uğurlu alınacaq. Düzdür, şərtlərlə yaxından tanış deyiləm. Amma inanıram ki, İliç “Sumqayıt”da uğur qazanacaq. O, baxımlı futbolu sevir. Rəhbərlik etdiyi komandalar adətən topa daha çox nəzarət edir, çoxlu ötürmələrə üstünlük verir. İstədiyi futbolçuları heyətə cəlb etsə, yaxşı, döyüşkən kollektiv quracaq və yüksək yerlər uğrunda mübarizə aparacaq”.

Qeyd edək ki, Vojislav Stankoviç 2015-2023-cü illər aralığında Azərbaycanda forma geyib. “İnter”lə (indiki “Şamaxı”) birgə ölkə çempionatının gümüş medalını qazanıb. Daha sonra üz tutduğu “Qəbələ”də iki dəfə ikinci, bir dəfə isə üçüncü yerin sahibi olub, Avroliqanın qrupunda oynayıb. Stankoviç “Neftçi” ilə birgə isə Azərbaycan çempionu olub.

İdman.biz

Seçilən
0
1
idman.biz

2Mənbələr