“Sabah” – “Çelye” oyunundan (2:3) sonra keçirilən mətbuat konfransında rəqibin baş məşqçisi Albert Riera belə bir fikir işlədib:
“Komandaların geyimləri demək olar, eyni idi. İlk 10 dəqiqədən sonra futbolçular meydanda çaşınlıq yaşayırdı. Qazaxıstandan olan hakimə də bu barədə bildirdim. O, işini daha yaxşı bilməlidir. Formalar oxşar idi… Qazaxıstanla Azərbaycan arasında yaxınlıq var. İstəməzdim ki, bir-birinə yaxın olan ölkələrin hakimləri belə oyunlarda olsun. Çünki nəsə fərqli qərar ola bilərdi”.
Riera hədəf kimi Azərbaycan tərəfini göstərməklə anlaşılmazlığa yol açıb. Əvvəla, klubların formalarındakı oxşarlıq oyunun baş hakimi ilə “Çelye” arasında danışıqdan asılıdır.
“Sabah” qaydalara uyğun olaraq ev formasını geyinib. Sloveniya təmsilçisinin baş məşqçisi bununla bağlı iradı açıqlamaqla sanki qaydalardan xəbərsiz idi, yaxud da necə ki klubla baş hakim arasında anlaşılmazlıq olub, eləcə də klubla baş məşqçinin…
O, məlumatsızlıqdan doğan səriştəsiz açıqlama verməklə kifayətlənməyib, üstəlik hakimin qazaxıstanlı olması amilini də qabardıb, yəqin xalqların yaxınlığı məsələsinə eyham edib.
Maraq üçün bildirək ki, cavab qarşılaşmasını bolqarıstanlı hakim idarə edəcək. Rieranın məntiqi davam etsə, Dambrauskas da deməlidir ki, bolqarlar da slovenlər kimi milliyətcə slavyandır. Axı…
Kamil Əhməd