AZ

UNESCO: İçərişəhərin Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunmuş tədbir keçirilib  

Parisdə UNESCO-nun 47-ci sessiyası çərçivəsində İçərişəhərin Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və UNESCO yanında Azərbaycan Respublikasının Daimi Nümayəndəliyinin və “Trend” Beynəlxalq İnformasiya Agentliyinin dəstəyi ilə qurumun mənzil-qərargahında keçirilib.

“Dünya irsinin qorunması: İrsin konservasiyası və kommunikasiyası təcrübələri” adlı tədbirdə mədəni irsin qorunması, bərpası, eləcə də irsin cəmiyyətə təqdimatı sahəsində beynəlxalq təcrübələr, müasir yanaşmalar və kommunikasiya strategiyaları müzakirə edilib. Tədbir iştirakçılarına İçərişəhərin irsin qorunub saxlanması sahəsindəki fəaliyyəti və əldə olunan nəticələri təqdim olunub.

Tədbirdə UNESCO Baş Konfransının 42-ci sessiyasının prezidenti Simona-Mirela Mikulesku, Ümumdünya İrs Mərkəzinin direktoru Lazare Elundu və digər beynəlxalq ekspertlər mədəni irsin təqdimatında medianın rolu, ictimai kommunikasiya vasitələrinin əhəmiyyəti və konservasiya sahəsində beynəlxalq yanaşmalara dair çıxış ediblər.

Azərbaycan tərəfindən tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Seymur Fətəliyev, UNESCO yanında daimi nümayəndə Elman Abdullayev, İdarənin Beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Elsevər Məmmədov və “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Elçin Ağacanov çıxış edərək, İçərişəhərdə aparılan bərpa və konservasiya işləri, kommunikasiya layihələri, mədəni irsin cəmiyyətə inteqrasiyası istiqamətində görülən tədbirlər barədə məlumat veriblər.

Tədbir Azərbaycanın mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması, bu sahədə təcrübə mübadiləsinin gücləndirilməsi və ölkəmizin irs siyasətindəki mövqeyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli platforma olub.

Seçilən
5
5
azerbaijan-news.az

6Mənbələr