AZ

Rəşad Bayramov: “Bu danışıqlar prosesi maraqlarımıza cavab verən addımları özündə şərtləndirir”

Yazını böyüt
Yazını kiçilt

“Əbu-Dabi neytral platforma olaraq Azərbaycanın maraqlarına cavab verir. Uzun müddət fasilədən sonra liderlər səviyyəsində keçirilən ikitərəfli bu görüşün təşəbbüskarı Azərbaycandır. Görüş Əbu-Dabinin evsahibliyi ilə keçirilsə də, BƏƏ-nin bu və ya digər rəsmi şəxsinin bu platformada hər hansı şəkildə iştirak etdiyini müşahidə etmədik. Bu da o deməkdir ki, digər platformalardan fərqli olaraq BƏƏ danışıqlar üçün minbit məkandır”.

Bunu açıqlamasında Hafta.az-a politoloq Rəşad Bayramov bildirib.

R.Bayramov BƏƏ-nin ABŞ-a yaxınlığı ilə seçilən ölkə olduğunu qeyd edərək, bir çox nüanslara diqqət çəkib:

“Biz bilirik ki, bu görüşdən öncə ABŞ-da ən yüksək səviyyədə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının vacibliyi ilə bağlı bəyanatlar səsləndirilirdi. Təbii ki, ortada görüş, danışıqlar varsa, burda həm də ayrı-ayrı güclərin maraqları da var. Görüşün məhz ikitrəfli formatda keçirilməsi əslində meydanın görünməyən tərəflərin mübarzə meydanına çevrilməməsinə hesablanan addımdır".

Politoloq qeyd edib ki, Rusiya tərəfindən Peskovun timsalında görüşün keçirilməsinin müsbət qiymətləndirilməsi sadəcə məsələyə diplomatik yanaşmadır. Reallıq isə ondan ibarətdir ki, Rusiya tərəfi özünün iştirakı olmadan hər hansı görüşün keçirilməsinə isti baxmır. Çünki Rusiya üçün Azərbaycan-Ermənistan arasında keçirilən görüşdə iştirak etmək, həm də öz maraqlarını masaya yatırmaqdan ibarətdir.

Politoloq hesab edir ki, istər ABŞ, ümumilikdə Qərb Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını və sülh sazişinin imzalanmasını öz maraqları kontekstindən görür:

“Onlar üçün Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması növbəti mərhələdə Ermənistana daha rahat Rusiyadan uzaqlaşma imkanı tanıya bilər. Ermənistan özü də sülh sazişinin əhəmiyyətini dərk edir. Rusiyanın asılılığından qurtarmağın Türkiyə ilə sərhədlərin açılmasından keçdiyini dərk edir və bunun da yolunun Azərbaycanla sülh müqaviləsinin bağlanmasından keçdiyini dərk edir. Sülh istəyən tərəflərin hər birinin, kənarda olan qüvvələrn öz maraqları var. Bunlar bəzi hallarda bizim maraqlarla üst-üstə düşür, bir çox hallarda yox. Bu danışıqlar prosesi bizim maraqlarımıza cavab verən addımları özündə şərtləndirir. Bu da sülh prosesinə öz müsbət töhfəsini verəcək”.

Seçilən
9
hafta.az

1Mənbələr