AZ

“İlham Əliyevlə Nikol Paşinyanın görüşü müəyyən perspektivlər vəd edir” - Sevinc Fətəliyeva

“İlham
“Cənubi Qafqazın lideri Azərbaycan regionun inkişaf tarixinin yeni mərhələsini formalaşdırır. Ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş ölkəmiz bölgədə yeri reallıqların müəllifidir. Dövlətimizin əsas məqsəd və hədəfi regionu sülh və əməkdaşlıq məkanına çevirməkdir. Bu baxımdan, iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü müəyyən perspektivlər vəd edir”.
Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib. Deputat bildirib ki, liderlərin görüşünün konstruktiv ruhda keçməsi regionda sülhün əldə olunması və kommunikasiyaların açılması yönündə proseslərin sürətlənəcəyinə ümidləri artırır. Görüşün nəticələrinə dair verilən rəsmi məlumata görə, görüşdə ikitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb. Əbu-Dabi görüşündə sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər. Tərəflər, həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər. Ümid edirik ki, bu görüş sülh üçün konkret nəticələr verəcək. Millət vəkilinin sözlərinə görə, iki ölkənin ikitərəfli formatlı görüşləri daha nəticəyönümlüdür. Bu görüşlərdə tərəflər sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri daha da nəticəyə istiqamətlənmiş şəkildə müzakirə etmək imkanı qazanırlar. Təsadüfi deyil ki, indiyədək əldə olunan razılaşmalar ikitərəfli görüşlərin sayəsində baş verib. 2023-cü ilin dekabrında hər iki ölkənin müvafiq dövlət strukturlarının birgə açıqlama yayması, qarşılıqlı olaraq hərbçilərin azad edilməsi, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Qarabağı da Azərbaycan torpaqları kimi tanıdığını bəyan etməsi, İrəvanın Bakının COP29-a ev sahibliyini dəstəkləməsi, ötən ilin aprelində Qazaxın 4 kəndin qaytarılması, dövlət sərhədinin 12 kilometrlik hissəsinin delimitasiya və demarkasiya olunması da bunun göstəricisidir.

“Azərbaycanın mövqeyi konstruktivdir. Dövlətimiz regionun tezliklə sülh və əməkdaşlıq məkanına çevrilməsinin tərəfdarıdır. Azərbaycan bu məsələdə hər zaman özünün lider mövqeyini ortaya qoyur. Ermənistanın indiyədək öz havadarlarının təhriki ilə regionu fərqli məcraya yönəltmək cəhdləri fiaskoya uğrayıb. Qalib və güclü Azərbaycan dövləti bütün təxribatların qarşısını alıb. Bütün bunların fonunda İrəvan üçüncü qüvvələrin hansısa vədlərinə güvənməməlidir. Paşinyan hakimiyyəti anlamalıdır ki, Ermənistanın gələcəyi Azərbaycanla münasibtlərin bərpasından asılıdır. Bu baxımdan, düşünürəm ki, Əbu-Dabi görüşü çox faydalı və səmərəlidir”-deyə Sevinc Fətəliyeva vurğulayıb.

Seçilən
2
1news.az

1Mənbələr