AZ

İrəvanın taleyi Bakıda həll olunur: Bu gerçəkdir və obrazlı söz deyil – MÜSAHİBƏ

BAKI, 11 iyul. TELEQRAF

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin rəhbəri Zahid Oruc Əbu-Dabi görüşünün nəticələri ilə bağlı Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zahid müəllim, Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında sülh quruculuğu istiqamətində ikitərəfli formatda baş tutan görüşün tarixi əhəmiyyətini necə dəyələndirirsiniz?

- Əbu-Dabi görüşü Azərbaycanın son 5 ildə vasitəçilərlə və ya vasitəçisiz apardığı xəttin ən həlledici məqama çatması yolunda, bəlkə də sondan bir az əvvəlki mərhələsidir. Son üç yüz il ərzində siyasi xəritəyə Azərbaycan və Ermənistan adlı dövlətlərin deyil, ondan əvvəlki sadəcə, erməni-azərbaycanlı düşmənçilikləri, müharibələri və yaxud onların başqa dövlətlərin tərkibindəki savaşları fonunda ilk hadisədir ki, xalqımızın, dövlətimizin qələbəsindən sonra o şərtlərin sülh sənədinə daşınması mümkün olur. Hazırda Ermənistanın iqtisadi, siyasi, xüsusilə də din-dövlət qarşıdurması ölkədaxili deyil, daha çox azərbaycanlılara, türk dünyasına düşmənçiliyin mərkəzi olan kilsə ilə mübarizə Vətən müharibəsindəki qələbəmizin nəticəsidir. Bu isə özlüyündə Ermənistanı bir ideyaya, fikrə, nöqtəyə qaytarır. Onlar ya həqiqətən də Prezident İlham Əliyevin irəli sürdüyü şərtləri qəbul edib, onu imzalayacaqlar və birgə yaşayış formulunu tapacaqlar, ya da bu savaşın davam etməsi fonunda itkiləri qat-qat böyük olacaq.

- Azərbaycanla Ermənistan arasındakı birbaşa sülh danışıqları regionla yanaşı, qlobal miqyasda hansı mesajları ehtiva edir?

- Hazırkı görüşün tonallığı, oradakı mühit Azərbaycan Prezidentinin 8 noyabr atmosferini Əbu-Dabiyə daşıması ilə müşayiət olundu. Yəni, Azərbaycan Prezidentinin çöhrəsindəki arxayınlıq, əminlik, güvən, millətin iradəsinə söykənmək, böyük qayıdış və quruculuq, Xankəndidə ECO-nun sonuncu Zirvə görüşü, o cümlədən Türkiyənin son üç əsrdə Osmanlı adından fərqli adlarla çağırılmasına rəğmən heç zaman olmamış kimi münasibətlərin ən yüksək fazası bu danışıqlarda öz təsirini göstərməkdədir. Azərbaycanın qələbəsi Türkiyəni erməni məsələsindən azad edir. Ona görə də Əbu-Dabi danışıqları onlarla faktor üzrə ölkəmizin təkcə hərbi meydanda deyil, regional, beynəlxalq siyasətdəki uğurlu mövqeyinin, digər tərəfdən isə son bir ayda İsrail-İran arasında yaşanan və qlobal savaşın mühüm bir hissəsi olan gərginliklər fonunda dünya üçün sülhü, təhlükəsizliyi vəd edən bir hadisədir.

- Əbu-Dabi görüşlərində Azərbaycan Prezidentinin diplomatik davranışları, sərgilənən bədən dili ilə bağlı da diqqəti çəkən məqamlar çox oldu. Bunlar hansı mesajları ifadə edirdi?

- Azərbaycan Prezidenti Ermənistan nümayəndə heyətinə daxil olan 4 şəxsi də salamlaması diqqətdən yayınmadı. Bu özlüyündə əbədi savaş və ermənifobiya, yaxud da ki, harada erməni varsa, biz orada müharibə mühiti, konflikt məkanı yaratmalıyıq deyə, bir nəzəriyyədə olmamağımızın nümunəsidir. Hansı ki, Azərbaycanın dövlət rəhbərinə qarşı aparılan kampaniyalar məhz bu iddialardan bəhs edirdi ki, “biz erməniləri yox etmək, yer üzündən silmək, dövlətçiliklərini tanımamaq və məhv ideologiyası ilə yaşayırıq”. Xüsusi ilə də, bu təbliğatı ölkə rəhbərinin üzərində fokslayaraq qururdular.

- Zəngəzur dəhlizi, sərhədlərin delimitasiyası ilə bağlı məsələlərin xüsüsu olaraq müzakirə edildiyi açıqlandı. Bu istiqamətdə aparılan danışıqların effektivliyi ilə bağlı yanaşmalar necədir?

- Bu görüşün xüsusi olaraq, həm də Zəngəzur dəhlizinin açılmasına dair hissəsinə media üçün açıqlanan press-relizdən bir az irəli gedərək baxsaq, həm delimitasiya elementlərini, həm də kommunikasiyalarla bağlı situasiyanı görmək olar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təsadüfi deyil ki, Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı əvvəlki yanaşmasından fərqli, daha çevik və nisbətən konsensus tanıyan bir mövqeyinin meydana gəldiyini açıqlamışdı. Ona görə də Azərbaycan Prezidentinin Kazan görüşündən bu yana sərgilədiyi davranış və tədbirlər fonunda bu yalnız görüşlərə bir qədər pauza hesab edilmir. Bu Azərbaycanın iqtisadi-siyasi, beynəlxalq və bütün müstəvilərdəki aktiv diplomatik səyləri, hərbi imkanlarını gücləndirməklə sülh sənədini faktiki olaraq, bizim nəzərimizdəki, müharibədəki qalibiyyətimizi rəsmiləşdirən sənədin qazanılması üçün fəaliyyətləri ortaya gətirib.

- Əbu-Dabidə tərəflər arasında hər hansı bir çərçivə sənədi, memorandum və yaxud Ermənistan Konstitusiyasının dəyişdirilməsi, ATƏT-in Minsk qrupunun ləğvi, Avropa İttifaqının müşahidə “missiyası”nın regiondan çıxarılması ilə bağlı bir məramnamə sənədi imzalana bilərdimi?

- Hazırkı məqamda bəlkə də bu razılaşdırılıb. Amma onun demək olar ki, imzalanması və elanı digər ikinci, üçüncü addımlara bağlıdır. Yəni, biri digərini tələb edir. Prosesə qətiyyən bir tuneldən, bucaqdan baxmaq olmaz.

- Sizcə bu görüşdən Ermənistan rəhbərliyi ölkəsinə hansı əhval-ruhiyyədə qayıtdı?

- Bu təbii ki, qalibiyyət əhval-ruhiyyəsi ola bilməz. Çünki hərbi meydanda vəziyyət dəyişilməzdir. Azərbaycan elə bir siyasi sənədə qol çəkəsi deyil ki, o gələcəkdə təkcə torpaqların altında deyil, həm də üstündə bir siyasi mina yaratsın. Tarixdə bunların şahidi olmuşuq. Ola bilsin ki, Paşinyan bir qədər dini müxalifəti, katalikosluq inistitutunu dəyişdirəcək və onları zərərsizləşdirəcək. Çünki Azərbaycanın şərtləri altında olan sənədin imzalanması üçün daxildə güc göstərə biləcək qüvvələrin hamısını, o cümlədən, I Qarabağ müharibəsindən sonra əldən verdikləri iqtisadi aktivlərin geri qaytarılması, milliləşdirlməsi prosesini daha geniş formasına gedəcəklər. O üzdən Paşinyan daha obrazlı şəkildə söyləyir ki, biz Qarabağın Azərbaycanın haqqı olduğunu qəbul edib, Ermənistanı xilas etməyə çalışırıq. O bunu tamamilə dərk edir. Çünki Ermənistan üzərindən Naxçıvana keçən yol bir marafon (42 km) yürüşü ölçüsündədir.

- Görüşün ikitərəfli formada olması daha çox diqqəti cəlb edir. Tərəflərin birbaşa təmaslarının effektivliyi ilə bağlı yanaşmalar necədir?

- Bu görüşün vasitəçilərsiz olması özlüyündə ən azı bir neçə əsr savaş aparan tərəflərin tarixdə heç vaxt olmayacaq qədər indiki halda məhz Azərbaycanın iradəsi ilə xeyli neytrallaşmasıdır. Çünki qalib üzərinə təsirlər daha çox olur. Ermənistan isə ənənəvi beynəlxalq siyasət aləti, aktivi, faktoru olmaqdan çıxıb. İndi həqiqətən İrəvanın taleyi Bakıda həll olunur. Bu gerçəkdir və heç də obrazlı söz deyil. Həmişə bura diktə etmiş və bölgənin siyasətini, xəritəsini, xalqların həyatını, düşmənçilikləri, ara fasilələri, kiçik pauzaları, sülhləri, daha sonra bu xalqları vahid səngərə yığmağı, yenidən üz-üzə qoymağı diktə edən dövlətlər heç vaxt olmayacaq qədər indi Bakıya, Azərbaycana təsir edə bilmirlər. Bu özlüyündə İrəvanı düşmən obrazından çıxarır, ona tarixi azərbaycanlıların vətəni xarakterində yanaşmağa imkan verir. Görünür ki, İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının İstanbulda keçirilən 51-ci Sessiyasında Qərbi Azərbaycan İcması ilə bağlı qəbul edilən qətnamə həqiqətən də Ermənistanı yerindən daha çox tərpədib. Onlar fərqindədirlər ki, şərtlər qaldıqca xeyirlərinə deyil, əksinə ziyanlarına işləyir. Belə olan təqdirdə ilk növbədə Zəngəzur dəhlizinin açılması, onun ardınca sülh müqaviləsinin imzalanması daha real görünür. Əgər bu beynəlxalq faktorlar altında indi baş verməyəcəksə, bunun gələcək dövr üstünlükləri, itkiləri daha çətin və qeyri-mümkün olacaq.

Seçilən
8
1
teleqraf.com

2Mənbələr