ain.az bildirir, News24 saytına əsaslanaraq.
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Əbu-Dabi şəhərinə səfəri mühüm siyasi və diplomatik məqamlarla yadda qalıb. Səfər çərçivəsində həm Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi istiqamətində aparılan danışıqlar, həm də Ermənistan–Azərbaycan münasibətlərinin tənzimlənməsi ilə bağlı keçirilmiş sülh müzakirələri diqqət mərkəzində olub".
Bu fikirləri News24.az- a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu eyib.
Onun sözlərinə görə, ən əlamətdar hadisələrdən biri, məhz Əbu-Dabi şəhərində Ermənistan və Azərbaycan nümayəndə heyətləri arasında keçirilən birbaşa və yeni formatlı danışıqlar olub:
"Bu danışıqların vasitəçisiz keçirilməsi, tərəflərin öz iradəsi ilə 5 saata yaxın davam edən əhatəli və detallı müzakirələr aparması, beynəlxalq diplomatiya tarixində mühüm bir mərhələ kimi qiymətləndirilə bilər. Bu, eyni zamanda, regionda sülh təşəbbüslərinin hegemon güclərin təsirindən kənar, milli maraqlar və qarşılıqlı anlaşma əsasında həyata keçirilə biləcəyinin nümunəsidir".

Deputat beynəlxalq təcrübədə bir çox hallarda vasitəçilərin iştirak etdiyi proseslərdə onların geosiyasi və iqtisadi maraqları danışıqların istiqamətinə təsir göstərə bildiyini vurğulayıb. Bu baxımdan, Azərbaycan Respublikasının təşəbbüsü ilə keçirilən və vasitəçilərin iştirak etmədiyi Əbu-Dabi görüşü, regionda davamlı və ədalətli sülhün bərqərar olunması baxımından əhəmiyyətli bir dönüş nöqtəsi kimi dəyərləndirildiyini əlavə edib.
O, Azərbaycan tərəfindən irəli sürülən sülh konsepsiyasının Ermənistan tərəfindən Əbu-Dabi görüşündə qəbul edilməsi, bu formatın uğurlu və konstruktiv nəticələr verə biləcəyini deyib. Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri, yalnız ikitərəfli münasibətlər müstəvisində deyil, eyni zamanda regional sabitlik və sülh proseslərinin yeni mərhələyə qədəm qoyması baxımından da tarixi əhəmiyyət daşıyır.
Həmçinin məsələnin iqtisadi tərəfinə toxunan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc qeyd edib ki, cənab Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri çərçivəsində İqtisadi Əməkdaşlıq haqqında imzalanan saziş iki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir:
"Sözügedən sənəd, Azərbaycanın BƏƏ ilə mövcud əməkdaşlıq platformasını daha da genişləndirərək, iqtisadi, ticarət və investisiya sahələrində qarşılıqlı fəaliyyətin yeni mərhələyə keçməsinə imkan yaradacaq".

Sədr, hazırda Azərbaycanda BƏƏ-yə məxsus investisiyaların həcmi 1 milyard ABŞ dollarını keçdiyini diqqətə çatdırıb. O, xüsusilə qeyri-neft sektorunda müşahidə edilən 43 faizlik artım nəticəsində iki ölkə arasında ticarət dövriyyəsi 2,4 milyard dollara çatdığını vurğulayıb. Bu, mövcud əməkdaşlığın effektivliyini nümayiş etdirməklə yanaşı, yeni imzalanmış sazişin perspektivlər baxımından əhəmiyyətini daha da artırdığını deyib. .
V. Oruc, BƏƏ tərəfindən Azərbaycanın enerji sektoruna, xüsusilə günəş elektrik stansiyalarının qurulması istiqamətində qoyulan "yaşıl" investisiyalar ölkəmizin bərpaolunan enerji mənbələri üzrə potensialının reallaşdırılmasına və enerji təminatının şaxələndirilməsinə töhfə verəcəyini nəzərə çatdırıb. Eyni zamanda, logistik və texnoloji sahələrdə qarşılıqlı dəstək iqtisadi və ticari əlaqələrin daha da güclənməsinə səbəb olacaqdır- deyə o əlavə edib.
Sədr, Azərbaycan yalnız idxalçı deyil, həm də ixracatçı dövlət kimi BƏƏ bazarlarında fəal iştirak etməyi hədəflədiyini bildirib. Bu baxımdan, yeni imzalanan saziş Azərbaycan məhsullarının BƏƏ bazarlarına çıxışı üçün əlverişli imkanlar yaradacağını, qarşılıqlı ticarət balansının daha da optimallaşdırılmasına şərait formalaşdıracağını əlavə edib.
Həmçinin o deyib ki, bundan əlavə, turizm sahəsində əməkdaşlıq hər iki ölkə üçün prioritet istiqamətlərdən biri olmaqla, iqtisadi əməkdaşlıq haqqında sazişin bu sektora da müsbət təsir göstərəcəyi gözlənilir:
"Beləliklə, Azərbaycan ilə BƏƏ arasında imzalanan İqtisadi Əməkdaşlıq Sazişi strateji tərəfdaşlığın dərinləşməsinə xidmət etməklə yanaşı, regional və beynəlxalq səviyyədə yeni əməkdaşlıq imkanları açacaq".
Xeyrənsə Piriyeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.