AZ

"Konfrans Liqasında 1/4 finala qədər irəliləyən “Çelye"ni görmədik" - Şahin Diniyev

style='margin-bottom:10px;'>

“Çelye” bizim təriflədiyimiz komanda deyildi. Sıradan, ortabab bir kollektivdir. “Sabah”ın “diş”inə görə bir rəqibdir”.

Bu sözləri QOL.az-a açıqlamasında futbol mütəxəssisi Şahin Diniyev deyib.

O, Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Sabah”ın Bakıda “Çelye” (Sloveniya) ilə keçirilən oyunu (2:3) haqda danışıb: “Hesab oyuna görə idi. Deməzdim ki, “Sabah”ın üstünlüyü oldu. “Sabah” qol epizodları yarada bilmirdi. Qolları da standart vəziyyətlərdən vurduq. Topa nəzarət edən “Çelye” idi. Ona görə də onların hücum şansları daha çox idi. 
Dünən hər iki komandanın oyunu alınmadı. Bu da təbiidir. Çünki ilk oyundur. Amma dünənki “Çelye”ni keçmək mümkündür. Yəni Konfrans Liqasında 1/4 finala qədər irəliləyən “Çelye”ni görmədik. “Sabah”ın da oyunu alınmadı. Bu da aydındır. Hazırda səbəb axtarmaq düzgün deyil. İlk oyunlarda belə olur”. 

Ş.Diniyev qeyd edib ki, “Sabah” səfərdə yaxşı nəticə qazanaraq növbəti mərhələyə yüksələ bilər: “2:3 hesablı məğlubiyyət hələ heç nə demək deyil. “Sabah”ın hələ şansı var. Komanda səfərdə öz futbolunu oynasa, Sekidika, Parris, Mikels və digərləri öz formasına düşsə, səfərdən yaxşı nəticə ilə dönə bilərlər. Hazırda elədir ki, hər həftə fubolçuların oyununda irəliləyiş olur. 

“Sabah”da məşqçi dəyişikliyi olub. Düzdür, “Çelye”də böyük heyət dəyişikliyi olsa da, “Sabah”da bu, baş verməyib. Ötən mövsümdən yığılan komandadır. Amma baş məşqçi yenidir. O, öz fəlsəfəsini yeritmək üçün bu qədər vaxt azdır. Komandaların gücünə baxanda demək olar ki, bərabərdir. “Sabah”ın səfərdə cəmi 1 qol vurması bərabərliyi təmin edir. Hesabı açsalar, rəqib hücumda oynayacaq. “Sabah”ın isə yaxşı əks-hücumları var”. 

Ş.Diniyev komandalar arasında cavab matçında baş məşqçilərdən çox şey asılı olduğunu da bildirib: “Artıq hər iki komanda üçün ikinci oyun asan olacaq. Baş məşqçilərin əlində analiz var. İndi bilirlər ki, kimə, hansı sistemə qarşı oynayırlar. Artıq burda baş məşqçilərin təcrübələri öz sözünü deyəcək. Çünki artıq rəqiblərini tanıyırlar. Məşqçi işindən də çox şey asılı olacaq”.

Ramiq Ağaməmmədov 

Seçilən
8
1
teleqraf.com

2Mənbələr