AZ

Kür çayından Amerikaya qədər uzanan yol…

Uzaq səfərlər kapitanı Ülfət  ƏZİZOVun Kür çayın sahilindən okeanlara qədər uzanan həyat hekayəsi

Uşaqlıq - Kür çayının sahilində başlayan bir eşq

1989-cu il... Azərbaycanın cənubunda, Kür çayının sakit axdığı Salyan rayonunun Kürqaraşlı kəndində bir uşaq dünyaya gəldi. Adını Ülfət qoyurlar. O uşaq sonralar okeanları fəth edəcək, yüzlərlə gənc dənizçiyə örnək olacaq, yol göstərəcək, dənizçilik ixtisasına aid kitabları ilə öz adını Azərbaycan dənizçilik tarixində  həkk etdirəcəkdi.

Balaca Ülfətin uşaqlıq dünyası Kür çayının dalğalarıyla formalaşırdı. Saatlarla çayın kənarında dayanıb suya baxar, uzaqlara getmək, mavi suların sirrini öyrənmək arzusuyla yaşayardı. Bəlkə də çoxları o arzulara "uşaq xəyalı" deyib keçmişdi. Amma o, inanmışdı.

Akademiya yolunda - xəyal reallığa çevrilir

2007-ci ildə Ülfət Əzizov  Azərbaycan Dövlət Dəniz Akademiyasına qəbul olur. Zarafatla söylədiyi məşhur bir ifadə var:

"Akademiyaya sənədləri təhvil verdiyim gün Bakı bulvarında bir gəzinti gəmisinə mindim. Elə o gündən dənizçiyəm."

Akademiyadakı illər onun dənizə olan sevgisini daha da artırır. Artıq Kür çayı ona dar gəlirdi. Xəzər dənizi belə arzularını çərçivəyə sala bilmirdi. Ülfət daha böyük sulara, okeanlara boylanırdı; Bu təkcə peşə deyildi - bu, onun üçün bir çağırış, bir missiya idi.

Maqistr yolunda and - "mən dənizçiliyi öyrədəcəyəm"

2011-ci ildə, hələ Akademiyanın 4-cü kursunda oxuyarkən özünün daha böyük istəyinin gerçəkləşdirəcəyinə söz verir:

"Mən yalnız okeanları fəth etməyəcəyəm. Mən bu elmin ən yüksək pillələrinə qalxacaq və bir gün gənc dənizçilərə dənizçiliyi sevdirəcəyəm", deyir.

Bu inamla o, magistr təhsilinə doğru addımlayır. Akademiyanı bitirdikdən sonra 2012-ci ildə hərbi xidmətə yollanır. Əsgərlikdən qayıtdıqdan sonra dərhal magistratura təhsilinə başlayır.

Dünya sularına açılan qapı - ilk beynəlxalq addım

2012-2013-cü illərdə Ülfət magistr təhsili ilə yanaşı iş axtarır. Xəzər dənizində bir neçə təklif alır, amma o, dünya okeanlarında üzmək istəyir.

Nəhayət, 23 dekabr 2013-cü ildə - 24 yaşı tamam olan gün - Türkiyəyə uçur. O, türk şirkətində təcrübəçi matros kimi ilk beynəlxalq işinə başlayır. Kiçik və sadə gəmilər, yorucu iş saatları, yeni bir ölkə və yeni həyat - amma o heç vaxt həvəsdən düşmür.

Hər gün bir az öyrənir. Hər səfərdə bir az da böyüyür. Hər liman onun üçün bir dərs, bir ümid idi. Bu illərdə artıq dənizçilik üzrə kitablar yazmaq qərarına gəlir. Beləcə, sonralar 5 kitabdan ibarət olacaq seriyanın əsası qoyulur.

Yüksəliş - kapitanın böyük köməkçisi və gəmi kaptanı

2015-ci ilin dekabrında o, artıq baş köməkçi vəzifəsinə yüksəlir. 4 il sonra, 2019-cu ildə - 30 yaşında, illərlə arzuladığı kaptanlıq diplomunu alır. Bu, sadəcə bir sənəd deyildi. Bu, Kür sahilində doğulan uşağın dünyanın böyük sularında özünü sübut etməsinin simvolu idi.

 Kaptanlıqdan  müəllimliyə - yeni missiya

3 il kaptan işlədikdən sonra Ülfət Quliyev bir başqa arzusunu gerçəkləşdirmək qərarına gəlir. Gənclərə dənizçiliyin sirlərini öyrətmək, onların dünya sularda üzməsi üçün yol açmaq istəyir.

8 dekabr 2023-cü ildə çoxdan gözlədiyi gün yetişir - dənizçi dostlarının iştirakı ilə ilk "Dənizçilər" Tədris Mərkəzini yaradır.

Artıq o, sadəcə kapitan deyil, həm də müəllimdir. Əvvəlcə fiziki şəxs kimi başladığı bu işi, 2 fevral 2024-cü ildə rəsmi dövlət qeydiyyata alınır: ADTHI MMC - Azərbaycan Dənizçilərinin  Tədris və Heyət İdarəetmə mərkəzi olaraq fəaliyyətini daha geniş formada davam etdirir.

Bir dinləyici ilə başlayan bu yol, bu gün yüzlərlə gənc dənizçi ilə davam edir, onların bilik və bacarığını daha da artırır. Onun yetirmələri dünyanın müxtəlif limanlarında, müxtəlif dənizlərində üzür. Harada olsalar da, bir problemlə qarşılaşanda ilk olaraq Ülfət müəllimə yazırlar - çünki bilirlər: kaptanları yanlarındadır.

Yazıçı kaptan - dənizdə yazılan kitablar

Bu gün Ülfət Kaptan artıq 5 kitabın müəllifidir. Hazırda isə 75000 tonluq böyük bir gəmidə Amerika səfəri zamanı eyni anda 3 yeni kitab üzərində çalışır. Kitabları təkcə dənizçilik elmini deyil, həm də peşəyə olan sevgini, əzmi, zəhməti və insan ruhunun sınmazlığını təbliğ edir.

Amerikaya aparan yol - sonda yalnız bir məqsəd

Ülfət Kaptan üçün Amerikaya getmək təkcə coğrafi məsafəni aşmaq deyil. Bu, həm də ideallarına çatmaq, arzularını həyata keçirmək, başqalarına yol göstərmək yoludur.

O, bu yolu heç vaxt tək getməyib. Kür sahilindən başlayan bu yolun hər metrində zəhmət, səbr, fədakarlıq və inam var.

Sonda: dənizdə doğulan, kitabda yaşayan həyat

Ülfət Kaptan bu gün dənizdə üzməklə yanaşı, gənclərin gələcəyini formalaşdırır. O, həm okeanları fəth edən kaptandır, həm də ruhlara toxunan müəllim. Həm kompasla yol tapan dənizçidir, həm də qələmiylə yol göstərən yazıçı.

Dəniz, onun evi...

Kitab, onun aynası...

Tələbələri isə onun gələcək ümididir...

Və biz də böyük bir fəxrlə deyə bilərik:

"Onu Amerikaya aparan yol Kür çayının sahilindən başlayıb."

Tural Balabəyli,

"Müstəqil.Az" xəbər portalının redaktoru,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,Prezident mükafatçısı,

"DSD" İB-nin İnformasiya bölümünün rəhbəri

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
olaylar.az

1Mənbələr