UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Xorvatiyanın "Hayduk" komandası ilə üz-üzə gələcək "Zirə" yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirir. Artıq qardaş ölkədə yoxlama görüşü keçirməyə də imkan tapan "qartallar" "Ankara Keçiörengücü"nü 2:1 hesabı ilə üstələyiblər. Qəsəbə təmsilçisinin yarımmüdafiəçisi Ceyhun Nuriyevlə əlaqə saxlayıb hazırlıq prosesi barədə fikirlərini öyrəndik və "Hayduk"la mübarizədən nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Hazırlıq qaydasında gedir. Məşqlərimizi intensiv şəkildə davam etdiririk. "Hayduk"la oyunadək tam hazır olacağıq. Oyundan-oyuna formaya düşürük. Buradakı sınaq qarşılaşmasında qələbə qazanmaq istəyirdik və bacardıq. Hələ də tam optimal formada deyilik, amma avrokubok matçına qədər çatışmazlıqlar aradan qaldırılacaq. Hazırlığımızdan çox şey asılıdır. "Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq, Allah qoysa, uğurlu nəticə əldə edəcəyik. Rəqibi demək olarki, hər gün təhlil edirik".
Qeyd edək ki, "Zirə" "Hayduk"la ilk oyunu iyulun 23-də evdə, cavab matçını isə iyulun 31-də səfərdə keçirəcək.
Nihat