“Azərbaycan və Ermənistan rəhbərləri arasında Əbu-Dabidə baş tutan görüşün əhəmiyyəti xüsusi önəm daşıyır. Əvvəla ona görə ki, dövlət rəhbərləri ilk dəfə idi ki, geniş tərkibdə, vasitəçi olmadan belə bir görüş keçirdi”.
Bunu Hafta.az-a siyasi xadim, hüquqşünas Qulamhüseyn Əlibəyli bildirib. Ekspert məlum görüşdə müzakirə olunan bir çox məsələlərə diqqət çəkib.
Q.Əlibəyli bildirib ki, ikitərəfli görüşdə təkcə sülh müqaviləsi ilə bağlı deyil, sərhədlərin delimitasiyasi, demorkasiyası, Zəngəzur dəhlizi, sülh sazişi, Azərbaycan-Ermənistan, eləcə də bütövlükdə Türkiyə-Azərbaycan məsələləri müzakirə olunub:
“İkitərəfli görüşlərin keçirilməsi ideyası birbaşa Azərbaycana məxsusdur. Görüşün vasitəçiləri olmadan keçirilməsi o deməkdir ki, tərəflər arasında hər hansı psixoloji baryerlər yoxdur. Biz ATƏT-in Minsk Qrupunun, Avropa Birliyinin, ABŞ-ın simasında vasitəçilərin nə istədiyini görmüşük. Onların hər görüşdə öz maraqları üçün müəyyən üstünlüklər, tələblər irəli sürdüyü hər kəsə məlumdur”.
Q.Əlibəyli eyni zamanda Ermənistanın öhtəlikləri yerinə yetirməməsi səbəbi ilə bu danışıqlar prosesinin uzanmasına diqqət çəkib. Qeyd edib ki, bu, Ermənistan cəmiyyətinin Azərbaycan, eləcə də Türkiyə ilə münasibətlərin normallaşmasına yaxşı yanaşmaması ilə bağlıdır:
“Qərbin sorğu təşkilatlarından birinin Ermənistanda keçirdiyi sorğuya əsasən əhalinin 3 faizi münasibətlərin normallaşmasına müsbət rəy bildirib. Yəni erməni cəmiyyəti özü xəstədir. Hakimiyyət çalışır ki, Ermənistanın dövlət kimi saxlanılması naminə Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırsınlar. Amma bu, Ermənistan üçün çətin olacaq. Ekspert o cümlədən qeyd edib ki, seçki dövrü olduğu üçün Paşinyan konstitusiya islahatları deyilən məsələyə seçkilərdən sonra baxa bilər".
Q.Əlibəylinin fikrincə, bütün hallarda bu görüşlər müəyyən irəliləyişlərə səbəb ola bilər:
“Görüşdə konkret sənədlər imzalanmasa da, yaxın zamanda mərhələli şəkildə müəyyən məsələlərin müzakirəsini və sənədlərin imzalanmasının şahidi ola bilərik. Ən azı sərhədlərin delimitasiya və demorkasiyası ilə bağlı konkret göstərişin verilməsi barədə məlumatlar var. Çox güman ki, gələcəkdə Zəngəzur dəhlizinin açılması və nəhayət sülh sazişi ilə bağlı qərarlar qəbul olunsun".
Q.Əlibəyli Sülh sazişinin bağlanılması ilə iki əsas şərtin yerinə yetirilməsini mühüm amil kimi qeyd edib:
“Ermənistan cəmiyyəti "böyük Ermənistan" xəstə xülyaları ilə yaşamaqdan imtina etməlidir. Ona görə də, yaxın qonşularla ərazi iddialarına əsas verən müddəalar konstitusiyadan çıxarılmalıdır. Bu həm Ermənistan hakimiyyəti üçün bir siqnal, həm də erməni cəmiyyətinin xəstəlikdən əl çəkməsi üçün bir şansdır. ABŞ-ın Zəngəzur dəhlizini guya özəl şirkətlər hesabına nəzarətə götürmək istəməsi də müəyyən siqnallardan məlumat verir. Bu o deməkdir ki, ABŞ Zəngəzur dəhlizi vasitəsi ilə bölgəyə daxil olmaq istəyir. Hesab edirəm ki, sülh sazişinin imzalanması bir qədər ləngisə də sərhədlərin açılması, münasibətlərin normallaşması, Zəngəzur dəhlizi ilə bağlı məsələ öz həllini tapa bilər. Əgər Rusiyanın, Qərbin, Avropanın təsirləri həyati əhəmiyyətli omasa, müəyyən məsələlərlə bağlı razılıq əldə oluna bilər".