"MİQ və sertifikasiya imtahanlarında gənc təhsilverənlərin yaşlı müəllimlərə nisbətdə daha uğurlu nəticə göstərməsi normal qanunauyğunluqdur"
Bu sözləri AzEdu.az-a açıqlamasında sabiq deputat, "Əməkdar müəllim" Sona Əliyeva qeyd edib.
S.Əliyeva söyləyib ki, MİQ və sertifikasiya imtahanlarının məqsədi təhsildə keyfiyyəti artırmaqla yanaşı, həm də gəncləşmə siyasəti aparmaqdır:
"Yaşlı müəllimlər nə qədər təcrübəli olsalar da onların gənc həmkarları daha enerjili, dinamik və yaddaşlıdırlar.
Üstəlik, gənclər kurrikulumda daha yenilikçidirlər. Eyni zamanda, məntiqi üstünlük də gənclərin tərəfindədir. Bütün bunlar gənc müəllimlərin sələflərinə nisbətdə imtahanlarda daha yüksək nəticələr göstərməsinə gətirib çıxarır. Digər tərəfdən, gənc müəllimlərin aldıqları təhsil də modern yanaşmalara söykənən təhsildir. Sovet təhsil sistemi isə özündə nə qədər yaxşı elementləri daşısa da, ənənəvi metodlar hazırkı axımda çox axsaq qalır. Bu baxımdan, gənc müəllimlərin nəticələri daha yaxşıdır.
Düşünürəm ki, qadın müəllimlərin kişilərə nisbətdə üstün görünməsi birincilərin daha çox çalışmasının yox, ikincilərin ictimai-sosial yükünün daha çox ağır olması ilə əlaqədardır. Kişi müəllimlər qadın həmkarlarına nisbətən daha çox sosial-iqtisadi qayğılarla yükləndikləri üçün bəzi hallarda MİQ və sertifikasiya imtahanlarında nəticələr aşağı ola bilir",- deyə həmsöhbətimiz bildirib.