"Pekin Vaşinqtondan Çinə qarşı obyektiv, rasional və praqmatik münasibət gözləyir".
Sfera.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio ilə görüşü zamanı Çinin xarici işlər naziri Vanq Yi bildirib .
Nazirin sözlərinə görə, Çin tərəfi ABŞ-nin iki ölkə arasında dinc yanaşı yaşama və qarşılıqlı faydalı əməkdaşlığa yönəlmiş siyasət yürüdəcəyinə ümid edir.
ABŞ dövlət katibinin Çinin xarici işlər naziri ilə danışıqları bir gün əvvəl açıqlanıb. Rubio görüş zamanı Çinin Rusiyaya dəstəyi məsələsini qaldıracağına söz verib. O, qeyd edib ki, Pekin açıq-aşkar Moskvaya kömək edir, eyni zamanda göz önündən də kənarda qalmağa çalışır.
Görüşün ardınca Çin Xarici İşlər Nazirliyi bəyanat yayaraq, iki tərəfin bütün səviyyələrdə və bütün sahələrdə diplomatik kanalları və dialoqu gücləndirmək barədə razılığa gəldiyini bildirib. Bundan əlavə, nümayəndələr fikir ayrılıqlarını aradan qaldırarkən əməkdaşlıq sahələrini genişləndirmək yollarını axtarmaq barədə razılığa gəliblər.
Qeyd edək ki, ABŞ Dövlət Katibi Marko Rubio və Çinin Xarici İşlər Naziri Vanq Yi arasında Malaziyanın paytaxtı Kuala Lumpurda görüş keçirilib.
İnci