AZ

Yaponiya internetin sürətinə görə rekord qırdı

Yaponiyada internet texnologiyaları sahəsində növbəti inqilabi uğur qeydə alınıb.

 

Sfera.az xəbər verir ki, ölkənin Milli İnformasiya və Kommunikasiya Texnologiyaları İnstitutu (NICT) tərəfindən həyata keçirilən sınaqda saniyədə 1,02 petabit internet sürətinə nail olunub. Bu göstərici dünya üzrə ən sürətli internet bağlantısı olaraq yeni rekorda imza atıb.

 

Yeni texnologiya 19 nüvəli (core) optik fiber kabel vasitəsilə hazırlanıb. Maraqlısı budur ki, bu kabel mövcud standart fiber optik kabellərlə eyni qalınlıqdadır, lakin daxilində 19 fərqli məlumat ötürmə kanalı mövcuddur. Bu texnologiya vasitəsilə ötürülən məlumat siqnalları 86 kilometrlik dövrələrdə 21 dəfə yönləndirilərək ümumilikdə 1 808 kilometr məsafəyə çatdırılıb.

 

Qeyd edək ki, əldə edilən sürət ABŞ-də evlərdə istifadə edilən orta internet sürətindən təxminən 3,5 milyon, Hindistanda isə 16 milyon dəfə daha sürətlidir.

 

Bu texnologiyanın geniş şəkildə istifadəyə verilməsi halında, 6G rabitə sistemləri, süni intellekt, məlumat mərkəzləri, bulud texnologiyaları və transkontinental internet infrastrukturları sahələrində əhəmiyyətli irəliləyişlərin olacağı gözlənilir. Lakin hazırda bu nəticələr yalnız laboratoriya şəraitində əldə olunub və kommersiya istifadəsinə keçməsi üçün müəyyən müddət tələb olunacaq.

 

Mütəxəssislər bildirir ki, bu uğur gələcəkdə petabit səviyyəli internet bağlantılarının geniş tətbiqinin mümkünlüyünü sübut edir və internet texnologiyalarında yeni dövrün başlanğıcı ola bilər.

 

Firuzə Əliyeva
Sfera.az

 

Seçilən
1
sfera.az

1Mənbələr