Ukrayna müharibəsindən sonrakı dövr üçün planlaşdırılan beynəlxalq təhlükəsizlik qüvvəsi formalaşmaq üzrədir. "Multinational Force Ukraine" adlandırılan bu qüvvənin ilkin qərargahı Fransanın paytaxtı Parisdə yerləşəcək. Bu barədə qərar İtaliyada – Romada keçirilən Ukraynanın bərpası üzrə beynəlxalq konfransın kənar iclasında elan edilib.
Tədbirdə ABŞ ilk dəfə rəsmi nümayəndə heyəti ilə iştirak edib. Prezident Trampın xüsusi elçisi Kit Kelloq və senatorlar Lindsi Qraham və Riçard Blumental Ukraynaya dəstəyin davam etdiriləcəyini bildiriblər ve Rusiyaya qarşı yeni sanksiyalar paketini təklif ediblər. Onların qanun layihəsində Rusiya neftini almaqda davam edən ölkələrdən idxal olunan məhsullara 500 faiz tarif tətbiq olunması nəzərdə tutulur.
İtaliyanın Baş naziri Giorgia Meloni çıxışında Ukraynaya davamlı dəstəyin hərbi sənaye əməkdaşlığı səviyyəsində də güclənəcəyini bildirib:
SOUNDBITE (İtalyanca) Giorgia Meloni, İtaliya Baş naziri:
"İtaliya Ukrayna xalqının qəhrəmancasına müqavimətini bütün cəbhələrdə dəstəkləməyə davam edəcək. Bu dəstək indi artıq müdafiə sənayeləri arasında əməkdaşlıq formasını alır. Rusiya hələ də mülki insanlara qarşı amansız hücumlar edir. Bu, Moskvanın sülh niyyətində olmadığını göstərir. Biz, ABŞ prezidenti Donald Trampın və onun administrasiyasının sülh cəhdlərini dəstəkləyirik və konfransa nümayəndə göndərdikləri üçün təşəkkür edirik."
Konfransda imzalanan 200-dən çox iqtisadi və hərbi sazişin ümumi dəyəri 10 milyard avronu keçib. Avropa İttifaqı Ukraynaya əlavə 2 milyard avro yardım paketi təqdim edib. Finlandiya, Niderland və Almaniya isə fərdi dəstək proqramları çərçivəsində yeni vəsait ayırmağa razılaşıblar.
Almaniyanın yeni kansleri Friedrich Merz isə tədbirdə Ukraynanın Aİ-yə üzvlüyü yolunda dəstəklərinin qəti olduğunu və yeni sanksiyalar paketinin hazırlanmaqda olduğunu vurğulayıb:
SOUNDBITE (İngiliscə) Friedrich Merz, Almaniya Kansleri:
"Ukraynanın Avropa İttifaqına üzvlüyü yolunda tam dəstəyimizi bildiririk. Hal-hazırda Rusiyaya qarşı 18-ci sanksiya paketini hazırlayırıq. Yalnız bir ölkə – Slovakiya – bu paketi təsdiqləməyib. Onları müqavimətdən vaz keçməyə çağırıram. Və sonda iki mesajım var: biri Moskvaya – biz geri çəkilməyəcəyik. Digəri isə Vaşinqtona və Prezident Trampa – bizimlə qalın. Avropa ilə birlikdə eyni məqsəd uğrunda çalışırıq."
Konfrans çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski də çıxış edib. o, ABŞ və Avropa ölkələrindən əlavə Patriot sistemləri tələb etdiyini, Almaniya və Norveçin maliyyə dəstəyi göstərməyə hazır olduğunu vurğulayıb.
Zelenskinin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin hələ də sülh danışıqlarına açıq deyil və bu müharibəni yalnız güc yolu ilə dayandırmaq olar.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta