ain.az bildirir, Lent az saytına əsaslanaraq.
Toğrul Kərimova qarşı məhkəmə istintaqı başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi üzrə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Zərərçəkmişlər bildiriblər ki, təqsirləndirilən şəxs onlara vurduğu maddi ziyanı ödəməyib. Onlar Toğrul Kərimova mümkün olan ən ağır cəzanın verilməsini istəyiblər.
Müdafiə tərəfi isə Toğrulun ailə vəziyyətini dilə gətirib. Vəkili bildirib ki, onun azyaşlı övladı var və bunun nəzərə alınmasını xahiş edib.
Təqsirləndirilən şəxs isə məhkəmədən əlavə vaxt istəyib – son sözünü deməyə hazır olmadığını bildirib.
Növbəti proses 18 iyula təxirə salınıb.
Qeyd edək ki, ittiham aktına görə Kərimov Toğrul Məmmədrəhim oğlu özünü "Arif Kalkavan -AKO" MMC-nin rəhbəri kimi təqdim edib. Həmin şirkətə işə qəbul olunmaları və dənizçilik pasportunun verilməsi müqabilində Nağıyeva Nigar Seyran qızının vasitəsilə 2022-ci ilin may-iyun ayları ərzində Bakı şəhər ərazisində Həsənov Səhnan Arif oğlu, Ağcayev Məmməd Bəxtiyar oğlu, Mustafayeva Aynur Vəli qızı, Məmiyev Elçin Əlizamin oğlu və digərlərindən, hər birindən 300-700 manat olmaqla, ümumilikdə 14 min manata yaxın pulu alaraq dələduzluq yolu ilə ələ keçirib.
O, həmçinin "Tap.az" saytında yerləşdirdiyi iş elanı vasitəsilə ona müraciət etmiş Tağıyeva Aydan Əflan qızına Abşeron rayonu, Xırdalan şəhərində özəl bağçada müəllimə kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq ümumilikdə 1800 manat pulunu dələduzluq mənimsəyib.
Kərimov Toğrul Məmmədrəhim oğlunun ona istinad edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ödəniş qəbzləri, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Fidan Fərmanlı
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.