AZ

Təhlükə boşqabınızda ola bilər: Qida zəhərlənməsinin gizli tələləri

Dünyada milyonlarla insanın üzləşdiyi qida zəhərlənməsi düzgün saxlanma, bişirmə və gigiyena qaydalarına əməl edilmədikdə ciddi sağlamlıq fəsadlarına yol aça bilər.

E-saglam.az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edirlər ki, bakteriyalar, viruslar və parazitlərlə çirklənmiş qidaların istehlakı yalnız mədə-bağırsaq pozğunluqları ilə nəticələnmir, həm də böyrək çatışmazlığı kimi həyati təhlükə yarada bilər.

Zəhərlənməyə səbəb olan əsas amillər

Qida zəhərlənməsi – digər adı ilə qida yoluxucu xəstəlik – adətən Salmonella, E. coli, Campylobacter kimi bakteriyalar, Norovirus kimi viruslar və Trichinella, Toxoplasma kimi parazitlərlə çirklənmədən qaynaqlanır. Əllərin düzgün yuyulmaması, çirklənmiş mətbəx səthləri və qeyri-kafi soyutma şəraiti bu riski daha da artırır.

Simptomlar və fəsadlar

Əlamətlərə ürəkbulanma, qusma, ishal, qarın ağrısı, qızdırma, bəzən baş ağrısı və güclü halsızlıq daxildir. Bu simptomlar orqanizmin hansı patogendən və nə qədər təsirləndiyindən asılı olaraq dəyişə bilər. Müalicə olunmadıqda böyrək funksiyalarında pozulmalar, ağır su itkisi və hətta ölüm riski də yarana bilər.

Müalicə və qarşısının alınması yolları

Qida zəhərlənməsi zamanı ilk və ən vacib addım bədənin itirdiyi maye və elektrolitlərin bərpasıdır. Bol su içmək, istirahət etmək və lazım olduqda tibbi yardım almaq müalicənin əsas hissəsidir. Antibiotiklər və ishal əleyhinə preparatlardan yalnız həkim məsləhəti ilə istifadə olunmalıdır.

Təhlükədən necə qorunmalı?

Həkimlər qida zəhərlənməsinin qarşısını almaq üçün aşağıdakı tövsiyələri verir:

Əlləri və mətbəx avadanlıqlarını mütəmadi yumaq

Çiy və bişmiş qidaları ayrı saxlamaq

Qidaları tövsiyə olunan temperaturda bişirmək

Qidaları uyğun şəraitdə saxlamaq.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
4
e-saglam.az

1Mənbələr