Bakı, 11 iyul, AZƏRTAC
Azərbaycanın sənaye transformasiyası istiqamətində uğurları beynəlxalq miqyasda tanınır. “SOCAR Türkiyə”yə məxsus “Petkim” və “STAR” zavodları artıq Dünya İqtisadi Forumunun dünyada ən qabaqcıl rəqəmsallaşdırılmış sənaye sahələri üçün qəbul edilən nüfuzlu beynəlxalq mükafat olan “Digital Lighthouse” mükafatına layiq görülüb. İki il yarımlıq genişmiqyaslı transformasiya fəaliyyətindən sonra bu il “SOCAR Karbamid” zavodu da bu mükafata namizədlər siyahısındadır.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Sənaye 4.0 forumu - Gələcəyin sənayesi: Texnologiya və insan gücü" mövzusunda keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, milli səviyyədə bu transformasiyanı dərinləşdirmək üçün ötən il 4SİM tərəfindən “Sənaye 4.0 Hazırlıq Proqramı” bir neçə özəl şirkətdə pilot mərhələdə tətbiq edilib. Proqramın başlıca məqsədi dövlət dəstəyi ilə qabaqcıl texnologiyaların tətbiqini stimullaşdırmaq və nəticədə bizneslərin səmərəliliyini və rəqabət qabiliyyətini artırmaqdır: "Bu il proqramın əhatə dairəsinin genişləndirilməsi və iştirakçı müəssisələrin sayının artırılması nəzərdə tutulur. Hədəf 2028-ci ilədək bu imkanlardan daha çox müəssisənin faydalanmasını təmin etməkdir. Forumda iştirak edən sənaye və istehsalatyönümlü müəssisələri “industry4.az” rəsmi internet səhifəsi vasitəsilə proqramla daha yaxından tanış olmağa və qeydiyyat üçün müraciət etməyə dəvət edirəm".
Diqqətə çatdırılıb ki, bu təşəbbüs həm də “Bakı Biznes Mərkəzi” inzibati binasında yaradılması nəzərdə tutulan “Sənaye 4.0 Mərkəzi”nin ekosistemində əsas funksional sütunlardan biri olacaq. Mərkəz sənaye, texnologiya provayderləri, universitetlər və innovasiya mərkəzləri arasında əlaqələndirici rol oynayacaq, texnoloji həllərin stimullaşdırılması və tətbiqi üçün akselerator funksiyasını icra edəcək. Bundan əlavə, ölkədə rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verəcək digər önəmli layihə, İqtisadiyyat Nazirliyi tərəfindən yaradılması yekunlaşmaq üzrə olan superkompüter infrastrukturu iqtisadi proqnozların daha sürətli və dəqiq hazırlanmasını, qərar qəbuletmə proseslərində simulyasiya imkanlarının genişlənməsini və əsaslandırılmış arqumentlərə əsaslanan analitik yanaşmaların tətbiqini təmin edəcək: "Texnoloji həllər, eyni zamanda, həm istehsal səmərəliliyini artırır, həm də ətraf mühitə təsiri azaldır. Beləliklə, biz Sənaye 4.0 istiqaməti üzrə atdığımız hər bir addımı yalnız texnoloji deyil, böyük bir milli strateji hədəfin – inklüziv və davamlı inkişafın tərkib hissəsi kimi görürük".