AZ

İSRAİL MÜVƏQQƏTİ ATƏŞKƏS TƏKLİF ETDİ » AzadMedia.az

İSRAİL

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-a səfəri çərçivəsində açıqlayıb ki, Tel-Əviv 60 günlük müvəqqəti atəşkəs müqabilində girovların yarısının – həm sağ, həm də həlak olmuş şəxslərin – geri qaytarılmasını təklif edib. Bu müddət ərzində daimi atəşkəs üzrə danışıqlar planlaşdırılır.

İsrailin əsas şərtləri isə dəyişməz qalır: HƏMAS silahı yerə qoymalı, Qəzza zolağı demilitarizasiya edilməli və təşkilatın hərbi-siyasi strukturları ləğv olunmalıdır. Netanyahu qeyd edib ki, bu tələblər diplomatik yolla yerinə yetirilməsə, İsrail bu məqsədlərə hərbi yolla nail olacaq.

Eyni zamanda, Avropa şəhərlərində keçirilən konfranslarda Qəzzadakı humanitar böhranın həlli ilə bağlı yeni razılaşmalar əldə olunur. Vyanada çıxış edən İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, Avropa İttifaqı ilə aparılan danışıqlar nəticəsində yardım yük maşınlarının sayının artırılması, yeni keçid məntəqələrinin açılması və marşrutların genişləndirilməsi planlaşdırılır.

Doha şəhərində isə dolayısı danışıqlar beşinci gündür davam edir. Bu gərgin beynəlxalq fonda, ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Steve Witkoff-un da yaxın günlərdə Dohaya yola düşəcəyi və atəşkəs üzrə danışıqları davam etdirəcəyi gözlənilir.

Bu arada, ABŞ hökumətinin BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Francesca AlbanesE qarşı tətbiq etdiyi sanksiyalar beynəlxalq hüquq müstəvisində narahatlıq doğurub. ABŞ Dövlət Departamenti Albanese-ni “tərəfli” mövqedə ittiham edərək onu vəzifəsindən uzaqlaşdırmaq üçün təzyiqlər göstərmiş, lakin uğur qazanmayandan sonra sanksiya qərarı almışdı.


Brüsseldə isə Avropa İttifaqı ilə İsrail arasında daha çox yardımın Qəzzaya çatdırılması barədə yeni razılaşma əldə olunub. Lakin bu yardımın hansı kanalla – BMT sistemilə, yoxsa ABŞ və İsrailin dəstəklədiyi alternativ mexanizmlə ötürüləcəyi hələ də qeyri-müəyyəndir.

21 ay davam edən münaqişə nəticəsində Qəzza bölgəsi aclıq, səhiyyə böhranı və infrastruktural dağılma ilə üz-üzə qalıb. Beynəlxalq ekspertlər yaxın günlərdə effektiv yardım və siyasi iradə nümayiş olunmazsa, bölgədə vəziyyətin daha da ağırlaşacağı barədə xəbərdarlıq edirlər.

Seçilən
17
1
azadmedia.az

2Mənbələr