AZ

Qırıq qəlb sindromu necə yaradır? -Mütəxəssislərdən xəbərdarlıq

Gözlənilməz ayrılıq, yaxın insanın itkisi və ya ağır emosional sarsıntılar yalnız insanın psixologiyasına deyil, fiziki sağlamlığına da ciddi təsir göstərir. Bu kimi hallardan sonra bəzi insanlarda “qırıq qəlb sindromu” adı verilən ürək problemi meydana çıxa bilər. Tibbi adı “Takotsubo Kardiomiyopatiyası” olan bu vəziyyət xüsusilə menopauzadan sonra olan qadınlarda daha çox müşahidə olunur və həyati təhlükə yarada bilər.

Redaktor.az "TrtHaber"ə istinadla xəbər verir ki, Marmara Universiteti Pendik Tədris və Araşdırma Xəstəxanasının Kardiologiya şöbəsinin dosenti, həkim Ahmət Anıl Şahin bildirir ki, qırıq qəlb sindromu çox vaxt qəfil başlayan sinə ağrısı, nəfəs darlığı və ürək fəaliyyətində anormallıqlarla özünü göstərir. Bu əlamətlər ürək tutmasını xatırlatsa da, fərqli olaraq, bu zaman ürəyi qidalandıran damarlar tıxanmayıb. Yəni bu, tamamilə başqa bir ürək pozuntusudur və əsas səbəb olaraq güclü stress göstərilir.

Həkim Şahinin sözlərinə görə, ağır emosional və ya fiziki stress zamanı bədəndə adrenalin kimi hormonların miqdarı artır və bu da ürək damarlarında qan axınının pozulmasına səbəb olur. Nəticədə ürək əzələsinin bəzi hissələri zəifləyir və ürəyin vurma qabiliyyəti müvəqqəti olaraq azalır. Bu vəziyyət ürəyin görüntüləməsində də aydın görünür – ürəyin uc hissəsində balonlaşmaya bənzər bir forma yaranır. Bu görüntü Yaponiyada ahtapot tutmaq üçün istifadə edilən “takotsubo” adlı qaba bənzədiyi üçün sindrom da adını buradan alıb.

Əvvəllər tanınması çətin olan bu sindrom, bu gün ürək USM-i (ekokardioqrafiya) və MRT kimi cihazlarla daha tez aşkarlana bilir. Qırıq qəlb sindromu çox zaman dəstəkləyici müalicə ilə bir neçə gün və ya həftə ərzində keçib gedir. Ancaq bəzi hallarda ritm pozuntuları, ürək çatışmazlığı və ya qalıcı zərər də baş verə bilər.

Mütəxəssislər menopauzadan sonra olan qadınların bu sindroma qarşı daha həssas olduğunu bildirir. Xüsusilə güclü stress yaşayan və sinə ağrısı şikayəti ilə müraciət edən qadınlarda damarlar tıxalı olmasa belə, qırıq qəlb sindromu nəzərə alınmalıdır.

Dr. Şahin qeyd edir ki, xəstə sağalsa belə, psixoloji vəziyyətin izlənməsi və stressin düzgün idarə olunması çox önəmlidir. Bu sindrom bir daha sübut edir ki, psixoloji stress təkcə zehni deyil, bədənin əsas orqanı olan ürəyi də ciddi şəkildə təsirləndirə bilər.

Qırıq qəlb sindromu – bəzən sevgi, bəzən itki, bəzən də sadəcə bir kədər hissi ilə başlayan və ürəyin ritmini pozan real bir xəstəlikdir. Həkimlər bu vəziyyətlə bağlı məlumatlı olmağı və lazım gəldikdə tibbi yardıma vaxtında müraciət etməyi tövsiyə edir.

Nuriyyə NATİQQIZI

Seçilən
4
1
redaktor.az

2Mənbələr