AZ

Deputat: "Əbu Dabi görüşü sülhə doğru atılmış çox mühüm addım kimi qiymətləndirilir"

"Dünən Birləşmiş Ərəb Əmirliklərinin Əbu Dabi şəhərində Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənistan Baş naziri arasında növbəti görüş keçirildi. İkitərəfli formatda Əbu Dabi dövlət başçıları arasında görüşə ev sahibliyi etməklə diqqət çəkmiş oldu və bu görüşü digərlərindən fərqləndirən cəhətlər var. Həm Azərbaycan Xarici İşlər Nazirliyi, həm də Ermənistan Xarici İşlər Nazirliyi görüşlə bağlı bəyanat yaydılar və hər iki tərəf görüşün olduqca əhəmiyyətli olduğunu və ikitərəfli formatın bundan sonra da davam etdirilməsinin müsbət nəticələr verəcəyini qeyd etdilər".

Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib. 

O bildirib ki, dünənki görüş digərlərindən fərqli olaraq daha uzun müddət təxminən 5 saat davam etdi:

"Dövlət başçıları bir çox məsələləri müzakirə etdilər. Təbii ki, mətbuata açıqlanmayan bəzi məsələlər də olub, amma istənilən halda kommunikasiyalar, delimitasiya prosesi, Zəngəzur dəhlizi və digər bu kimi məsələlərin müzakirə olunduğu məlumdur. Eyni zamanda müxtəlif komissiyaların yaradılması ilə bağlı da məlumatlar var.Bu, sülhə doğru atılmış çox mühüm addım kimi qiymətləndirilir. Həm Azərbaycan tərəfi, həm də Ermənistan tərəfi bu görüşün gələcək sülh sazişinə aparan yolda olduqca vacib olduğunu bəyan ediblər. Bölgədə sülh və sabitliyin bərqərar olması üçün danışıqlar prosesi olduqca vacibdir. Azərbaycan tərəfinin uzun müddətdir israrla üzərində dayandığı vasitəçilərsiz birbaşa danışıqlar məsələsi artıq Ermənistan tərəfindən də qəbul olunduğu görünür".

Deputat qeyd edib ki, Azərbaycan tərəfi daim bildirirdi ki, danışıqlar iki tərəf arasında, birbaşa formatda aparılmalıdır:

"Bu, çox vacibdir, çünki vasitəçilər öz maraqlarını güddükləri üçün ciddi nəticələrə nail olmaq çətinləşir. İndi görünən odur ki, Ermənistan tərəfi Azərbaycanın haqlı tələbləri ilə razılaşmaq üzrədir. Əsas tələblər Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması, ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina edilməsi, sərhədlərin demarkasiya və delimitasiyası məsələləridir.Qeyd olunmalıdır ki, ABŞ, Avropa İttifaqı və Rusiya da bu görüşlərin baş tutmasından məmnunluq ifadə ediblər. Amma ehtimal var ki, Rusiya tərəfi bu proseslərdən tam razı deyil. Bununla bağlı onların mövqeyi sonrakı addımlardan bəlli olacaq.İstənilən halda, Azərbaycan tərəfi israr edir ki, vasitəçilərsiz danışıqlar davam etməlidir və bölgəyə davamlı sülh və sabitlik gətirilməsi üçün Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı və ədalətli tələbləri Ermənistan tərəfindən qəbul olunmalı, nəticə olaraq sülh sazişinin imzalanması istiqamətində real addımlar atılmalıdır".


Əfsanə Kamal
Demokrat.az
Seçilən
8
1
demokrat.az

2Mənbələr