AZ

Əliyev-Paşinyan görüşünün pərdəarxası: Sülh imzalanacaq?

Dünən Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında növbəti birbaşa görüş keçirilib. Görüşdə iki ölkə arasında sülh prosesinin əsas istiqamətləri – sərhədlərin dəqiqləşdirilməsi, Zəngəzur dəhlizinin açılması, sülh müqaviləsinin razılaşdırılması və digər mühüm məsələlər ətrafında ciddi və detallı müzakirələr aparılıb.

 

Görüşün nəticəsi olaraq, tərəflər müxtəlif səviyyələrdə – həm işçi qruplar, həm də yüksək vəzifəli şəxslər səviyyəsində danışıqların davam etdirilməsi barədə ümumi razılıq əldə ediblər.

 

Maraqlıdır, bu görüşdən sonra proses hansı istiqamətdə inkişaf edəcək? Sülh sazişinin bu ilin sonunadək imzalanması mümkündürmü?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov bildirib ki, Əbu-Dabidə baş tutan bu görüş İlham Əliyevin diplomatik fəaliyyətində mühüm mərhələ və qələbədir.

 

 

Ekspertin sözlərinə görə, bu, Əliyev və Paşinyan arasında ilk birbaşa və vasitəçisiz danışıqlar olub. 

 

“Prezident İlham Əliyev illərdir ki, vasitəçilər olmadan birbaşa dialoqun vacibliyini vurğulayırdı. Avropa İttifaqı, ABŞ və Rusiya danışıqlarda vasitəçilik uğrunda rəqabət aparsa da, bu görüş göstərdi ki, həqiqi nəticələr yalnız birbaşa təmasla mümkündür”, –  politoloq bildirib.

 

Ə.İbrahimov qeyd edib ki, 5 ilə yaxın bir müddətdə aparılan vasitəçili danışıqlar ciddi nəticə vermədiyi üçün Azərbaycan tərəfi məhz bu formatdan imtina edərək daha səmərəli yolla irəliləməyi qarşıya məqsəd qoymuşdu. Əbu-Dabidəki görüş isə məhz bu yolun başlanğıcı oldu.

 

“İndiyə qədər liderlər yalnız üçüncü tərəflərin iştirakı ilə görüşürdülər. Lakin bu dəfəki görüşdə artıq Ermənistan tərəfinə aydın oldu ki, alternativ yoxdur – sülh üçün birbaşa əlaqə və etimad əsas şərtdir. Ermənistan dəfələrlə xarici qüvvələrdən dəstək almağa çalışsa da, bu səylər nəticəsiz qaldı”,– deyə İbrahimov vurğulayıb.

 

Politoloq onu da qeyd edib ki, bu görüş sülh sazişi ilə bağlı artıq formalaşmış texniki infrastrukturun olduğunu göstərdi. Xarici işlər nazirləri sənəd üzərində işləyir, sərhəd məsələləri üzrə işçi qruplara baş nazirin müavinləri rəhbərlik edir, həmçinin prezidentlərin müşavirləri – Hikmət Hacıyev və Armen Qriqoryan arasında birbaşa əlaqə xətti qurulub.

 

“İlham Əliyev bu prosesdə yalnız Ermənistana deyil, onun arxasındakı qüvvələrə də Azərbaycanın prinsipial və qətiyyətli mövqeyini nümayiş etdirdi. Bu gün Azərbaycan Prezidentinə yalnız məsləhət üçün müraciət olunur. O artıq regional deyil, qlobal səviyyədə söz sahibi olan liderlər sırasındadır”, – politoloq əlavə edib.

 

İbrahimovun fikrincə, Əbu-Dabi görüşü həm də Cənubi Qafqazda yeni geosiyasi düzənin əsasının qoyulduğunu göstərdi. Ermənistanın Rusiyanın təsir dairəsindən çıxmaq niyyəti fonunda Azərbaycanın rolu həlledici olaraq qalır.

 

“Düşmənçilik tarixçəsi olan iki ölkənin liderləri arasında etimadın bərpası üçün təkcə istək kifayət etmir. Lakin bu görüşdə mövqelərin yaxınlaşması qarşıdakı dövrdə daha intensiv və nəticəverici danışıqlar üçün əlverişli zəmin yaratdı. Azərbaycan danışıqların real nəticələrə gətirib çıxara biləcəyini sübut etdi",– deyə Ə.İbrahimov bildirib.

 

Onun sözlərinə görə, İlham Əliyevin təşəbbüsləri regionda sülhə və sabitliyə aparan yeganə yol kimi qəbul olunur. Bu nümunə hətta Rusiya-Ukrayna münaqişəsi kontekstində də örnək kimi dəyərləndirilə bilər.

 

Firuzə Əliyeva
Sfera.az

Seçilən
3
sfera.az

1Mənbələr