"Azərbaycanda kino sənayesinin inkişafı hədəflənir, 7-8 yerli şirkətin ixtisaslaşacağı gözlənilir".
APA xəbər verir ki, bunu filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi ilə bağlı Qaydaların təqdimatına həsr olunmuş mətbuat konfransında Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru Rəşad Əzizov deyib.
O bildirib ki, Azərbaycan ərazisində xarici filmlərin istehsalı uzun illərdir aparılır və bu sahədə bir sıra böyük layihələr, o cümlədən seriallar həyata keçirilib.
Rəşad Əzizovun sözlərinə görə, hazırda bu istiqamətdə yeni mərhələyə qədəm qoyulur: “Əminik ki, yaxın gələcəkdə istehsalçı şirkətlərin sayı artacaq. İnkişaf etmiş ölkələrin kino sənayesindən maraq daha da yüksələcək. Biz bu sahədə yerli özəl şirkətlərlə sıx əməkdaşlıq edirik və artıq bir neçə şirkət ixtisaslaşıb”.
Agentlik rəhbəri əlavə edib ki, qarşıya insan kapitalının formalaşdırılması ilə bağlı konkret vəzifələr qoyulub. Onun sözlərinə görə, qaydalar bütün şirkətlər üçün keçərlidir və bu təşəbbüs nəticəsində ölkə daxilində 7-8 şirkətin yaxşı nəticə göstərəcəyi gözlənilir:
“Hədəfimiz odur ki, növbəti 3-5 il ərzində ölkədə çəkilən filmlərin miqyası daha da genişlənsin”.