ain.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.
11 iyul tarixi Ümumdünya Əhali Günü kimi qeyd olunur.
Sfera.az xəbər verir ki, Ümumdünya Əhali Günü ilk dəfə 1987-ci ildə dünya əhalisinin 5 milyarda çatması səbəbilə BMT tərəfindən gündəmə gətirilib və 1989-cu ildən etibarən hər il qeyd olunur.
Bu gün əhalinin sürətli artımı, sosial problemlər, resurs çatışmazlığı və demoqrafik çağırışlara diqqət çəkmək məqsədi daşıyır. BMT-nin Əhali Fondunun (UNFPA) məlumatına görə, 2025-ci ilin iyul ayına olan vəziyyətə əsasən, dünya əhalisi 8 milyard 150 milyon nəfəri keçib. Əhalinin artımı əsasən Afrika və Asiyanın cənub bölgələrində qeydə alınır. Demoqrafik dinamika bir sıra ölkələrdə iqtisadi və sosial yükü artırır, infrastruktur, təhsil və səhiyyə sistemlərinə təzyiqləri gücləndirir.
2025-ci ilin Dünya Əhali Gününün əsas mövzusu "İnkişaf üçün demoqrafik balans: İnsan hüquqları və fürsət bərabərliyi" adlanır. UNFPA bu çağırışla xüsusilə ailə planlaması, qadınların hüquqları, gənclərin iştirakı və yaşlı əhalinin sosial müdafiəsinə diqqəti artırmağa çalışır.
Azərbaycan əhalisinin sayı 2025-ci ilin iyul ayına olan məlumamta əsasən 10 milyon 316 min nəfərə çatıb. Əhalinin 52,2 faizi şəhərlərdə, 47,8 faizi isə kənd yerlərində yaşayır. Ölkədə əhali artımı əsasən təbii artım və məhdud miqrasiya axını hesabına formalaşır.
Gender bölgüsünə görə, əhalinin 50,1 faizi qadınlar, 49,9 faizi isə kişilər təşkil edir. Maraqlıdır ki, son illərdə ölkədə doğum səviyyəsində azalma, ölkədən miqrasiya axınında isə artım qeydə alınıb. Bu da uzunmüddətli demoqrafik tarazlığa təsir edən əsas faktorlardan biri kimi qiymətləndirilir.
Demoqrafiya üzrə ekspertlərin fikrincə, Azərbaycan gələcək illərdə demoqrafik dayanıqlılıq üçün təhsil, səhiyyə və məşğulluq sahələrində islahatları dərinləşdirməlidir.
Firuzə Əliyeva
Sfera.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.