Bakı, 11 iyul, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlara müraciət edərək, beynəlxalq ticarətdə tətbiq olunan qablaşdırma və etiketlənmə tələblərinə ciddi şəkildə əməl edilməsinin vacibliyini xatırladır.Bu istiqamətdə agentlik tərəfindən sahibkarlarla dəfələrlə görüşlər keçirilib və ixrac zamanı mümkün risklərin qarşısının alınması məqsədilə vacib məsələlər diqqətə çatdırılıb. Belə ki, ixrac olunan məhsulların etiketləri məhsul barədə bütün zəruri məlumatları əks etdirməli, tara üzərində dayanıqlı, oxunaqlı və möhkəm şəkildə yerləşdirilməlidir. Həmçinin idxalçı ölkələrin müxtəlif bitkiçilik məhsulları üzrə tövsiyə olunan qutu növlərindən istifadə edilməlidir.
AZƏRTAC xəbər verir ki, bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsi məlumat yayıb.
Bildirilib ki, bitkiçilik məhsullarının daşınmasında istifadə olunan meşə materiallarından hazırlanmış altlıqlar və taxta qablaşdırma materialları “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyaya əsasən təsdiq edilmiş 15 nömrəli Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartın tələblərinə uyğun şəkildə işlənməlidir.
“Sahibkarlar ixrac zamanı qablaşdırma və etiketlənmə ilə bağlı beynəlxalq tələblərə tam əməl etməli, məhsullar düzgün tərtibatda və təhlükəsiz şəkildə təqdim olunmalıdır. Qeyd edilən tələblərin pozulması halları gələcəkdə ixrac prosesində ciddi fəsadlara yol aça bilər. AQTA bütün sahibkarları bir daha diqqətli olmağa, beynəlxalq tələblərə ciddi yanaşmağa və ixrac prosesi zamanı heç bir riskə yol verməməyə çağırır”,- deyə məlumatda vurğulanıb.