AZ

Pozan çoxdur… qazanan necə? - FOTOLAR 

Azərbaycanda son vaxtlar “poz-qazan” lotereyalarına maraq kəskin artıb. Söhbət sadə, cəlbedici və ani qazanc vədi ilə cəmiyyətin müxtəlif təbəqələrini özünə çəkən, “bir cızıqla bəxtin dəyişə bilər” mesajı yayan lotereya növündən gedir.

Lotereya köşklərində apardığımız müşahidələr və satıcılarla söhbət göstərir ki, “poz-qazan” biletləri xüsusilə orta yaşlı kişilər və qadınlar arasında daha geniş yayılıb. Onlar gün ərzində bir neçə dəfə bəxtlərini sınayır, uduzanda isə təkrar almağa cəhd edirlər.

Uduşlar barədə xəbərlər əfsanə kimi yayılır: “filankəs 25 min manat udub”, “bizim qonşu 1000 manat aldı”, “tanışım evinə mebel alıb”.

Musavat.com-un əməkdaşının həmsöhbət olduğu lotereya satıcısı deyir ki, gün ərzində 100-150 bilet satılır.

“Ən azı 2-3 nəfər yaxşı uduş alır. Amma hər gün itirənlərin sayı daha çoxdur. Onlar yenə də gəlirlər. Udanın adını hamı deyir, uduzanın adını isə heç kim...”, - deyə satıcı gülümsəyir.

Bakı sakini Elnarə İsmayılova isə deyir ki, bəzən 2 manata lotereya alır, uduş olduqca oyuna davam edir:

“Görürəm 5 manat udmuşam, sevincimdən yenidən alıram. Amma axırda elə olur ki, günün sonunda 30 manatım gedir. Dayanmaq olmur, istəyirsən ki, elə pozub qazanasan”.

Bəs gümüş zolağın altına baxmaq azartı (bir şeydə uğur gözləməsi ilə əlaqəli emosiya - red.) necə formalaşır?

Sosioloqlar lotereyalara artan marağı 2 əsas faktorla izah edirlər. Cəmiyyətdə maddi sıxıntıların artdığı bir vaxtda insanlar əlavə iş yerindən çox, bəxtə güvənməyə üstünlük verirlər. “Poz-qazan” bu ehtiyacın cəlbedici cavabıdır, ucuzdur, ümid verir, dərhal nəticə göstərir. Bu tip oyunlar azart yaradır və insanın psixoloji dözümlülüyünü sarsıdır. Bir dəfə 5 manat udan şəxs növbəti gün 20 manat itirsə belə, yenə də “bəlkə bu dəfə alındı” düşüncəsi ilə davam edir.

Bu, artıq davranış modelinə çevrilir və bəzən hətta alışqanlıq halı alır. Bir tərəfdə udan bir neçə nəfərin sevinci, o biri tərəfdə isə uduzan, amma danışmayan yüzlərlə vətəndaş var.

Sultan,
Fotolar müəllifindir
Musavat.com

Seçilən
1
2
musavat.com

3Mənbələr