Azərbaycan milli komandasının sabiq üzvü, vaxtilə ölkəmizin ən istedadlı futbolçularından sayılan Araz Abdullayev özünə yeni iş yeri tapıb.

Offsideplus.az xəbər verir ki, 33 yaşlı hücumçu karyerasını Misli Premyer Liqasının debütantı "Karvan"da davam etdirəcək.

Futbolçu Yevlax təmsilçisi ilə 1 illik müqaviləyə imza atıb.

Beləliklə, Araz qısa fasilədən sonra Premyer Liqaya qayıdıb.

O, sonuncu dəfə 2023/2024 mövsümündə "Zirə"nin heyətində ölkənin əsas çempionatında çıxış edib. Ötən mövsümü I Liqada "Qaradağ Lökbatan"da keçirən hücumçu kapitan sarğısı daşımasına baxmayaraq, onun komandası sonuncu yerlə kifayətənib və II Liqaya yuvarlanıb.

Qeyd edək ki, A.Abdullayev karyerası ərzində bir çox xarici klublarda da forma geyinib. 2010-cu ildə "Neftçi"nin heyətində parlaq oyun göstərən futbolçu hətta İngiltərənin "Everton" komandasının diqqətinə çəkib. Araz "Everton"a transfer olunsa da, işçi vizası ala bilmədiyinə görə İngiltərə Premyer Liqasında debüt edə bilməyib.

Buna baxmayaraq, istedadlı futbolçu "Anortosis", "Etnikos" (hər ikisi Kipr), "Panionis" (Yunanıstan), "Llapi" (Kosovo) və "Boluspor" (Türkiyə) kimi klublarda legioner həyatı yaşayıb.