Ölkədə rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verəcək digər önəmli layihə, İqtisadiyyat Nazirliyi tərəfindən yaradılması yekunlaşmaq üzrə olan superkompüter infrastrukturu iqtisadi proqnozların daha sürətli və dəqiq hazırlanmasını, qərar qəbuletmə proseslərində simulyasiya imkanlarının genişlənməsini və əsaslandırılmış arqumentlərə əsaslanan analitik yanaşmaların tətbiqini təmin edəcək.
Bu sözləri “Sənaye 4.0 forumu - Gələcəyin sənayesi: texnologiya və insan gücü” mövzusunda beynəlxalq forumda çıxışında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, texnoloji həllər – eyni zamanda həm istehsal səmərəliliyini artırır, həm də ətraf mühitə təsiri azaldır: “Beləliklə, biz Sənaye 4.0 istiqaməti üzrə atdığımız hər bir addımı yalnız texnoloji deyil, böyük bir milli strateji hədəfin – inklüziv və davamlı inkişafın tərkib hissəsi kimi görürük”.