BAKI, TurkicWorld
Türkiyənin yarım əsrlik terror bəlasından xilas olması üçün başlatdığı "Terrordan Azad Türkiyə" hədəfi son mərhələsinə qədəm qoyub.
TurkicWorld xəbər verir ki, İraqın Süleymaniyyə şəhərində PKK-ya bağlı bir qrup silahlarını məhv edərək prosesin yeni mərhələsini başladıb.
PKK üzvləri Süleymaniyyənin Surdaş mahalı sərhədindəki mağarada toplaşaraq silahlarını alovlu qazanda məhv ediblər. Proses İraq Kürd Regional Rəhbərliyi, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı, DEM Partiyası nümayəndələri və vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə izlənilib.
MHP sədri Dövlət Baxçalının çağırışı və Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə irəliləyən "Terrorsuz Türkiyə" prosesi, silahların məhv edilməsi ilə simvolik dönüş nöqtəsinə çatıb. PKK-nın tam tərksilahı sentyabrın sonuna qədər tamamlanması planlaşdırılır.
Qeyd edək ki, bu prosesin əsas mərhələlərinə DEM Partiyasının Ədliyyə Nazirliyinin icazəsi ilə İmralıya səfərləri, siyasi partiyalar arasında müzakirələr və prezident Ərdoğanın Pervin Buldan və Mithat Sancarla görüşləri daxildir. PKK mayın 5-7-də keçirilən qurultayında təşkilatın ləğvi və silahın yerə qoyulması qərarını açıqlamışdı.
"Terrordan Azad Türkiyə" hədəfinin həyata keçməsi ilə ölkə əhalisi üçün yeni bir dövr başlayır. Hökumət, prosesi sülh və təhlükəsizlik çərçivəsində davam etdirməkdə qərarlıdır.