Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.
Rusiyanın keçmiş nəqliyyat naziri Roman Starovoytun intihar etməzdən əvvəl həmkarlarına göndərdiyi vida mesajı ictimaiyyətə açıqlanıb. “Kommersant” nəşrinin məlumatına görə, sabiq nazir ölkəyə faydalı xidmətlər göstərdiyini bildirib və məktubunu “Mənim şərəfim var” sözləri ilə tamamlayıb.
Starovoyt bu mesajı Rusiya Nəqliyyat Nazirliyinin daxili çat qrupunda paylaşaraq həmkarları ilə vidalaşıb. Vida mərasimində iştirak edənlərdən biri onun yazdıqlarını təsdiqləyərək, “O, gördüyü işlərin dəyərindən danışdı və bu ifadə ilə vida etdi” deyə bildirib.
Roman Starovoyt iyulun 7-də Prezident Vladimir Putinin imzaladığı fərmanla qəfil şəkildə vəzifəsindən azad olunmuşdu. Rəsmi açıqlama verilməsə də, bu istefanın arxasında korrupsiya və səlahiyyətlərdən sui-istifadə ilə bağlı ittihamların dayandığı ehtimal olunur. Rusiya mediası hüquq-mühafizə orqanlarının sabiq nazirə qarşı araşdırma apardığını yazır.
Elə həmin gün – iyulun 7-də Starovoytun meyiti Moskva vilayətinin Odintsovo rayonunda yerləşən şəxsi iqamətgahında aşkarlanıb. Rusiya İstintaq Komitəsi onun ölümünü intihar kimi qiymətləndirib və araşdırmalar davam edir.
Qeyd edək ki, Roman Starovoyt əvvəllər Kursk vilayətinin qubernatoru olmuş, daha sonra Rusiya nəqliyyat sahəsində mühüm vəzifələrdə çalışmışdı. Onun ölümü ölkədə məmurların artan psixoloji yükü, Kreml daxilindəki siyasi gərginlik və güc strukturlarının təsiri ilə bağlı müzakirələri daha da alovlandırıb.
“AzPolitika.info”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.