AZ

“Terrorçusuz Türkiyə”

Türkiyədə PKK terror təşkilatının silah qoyması prosesi başlayıb. Bəs bu mərhələyə necə gəlinib, hansı addımlar atılıb və qarşıda nələr gözlənilir? “Terrorçusuz Türkiyə” adlandırılan prosesin detalları:

MHP lideri Dövlət Baxçalı 2024-cü ilin oktyabrında bu prosesə çağırış etmiş, Prezident Rəcəb Tayyib Ərdoğan isə “daxili cəbhəni gücləndirək” mesajı ilə “Terrorçusuz Türkiyə” prosesinin siyasi startını vermişdi. Lakin bu mərhələdən əvvəl İmralı həbsxanasından Kandilə mesaj göndərildi. Bu mesaj digər Öcalan mesajlarından fərqli idi – 29 iyun 1999-cu ildən sonra ilk dəfə Abdullah Öcalan səsi və görüntüsü ilə ekrana çıxaraq silahların buraxılması üçün mexanizmlərin qurulmasına çağırış etdi.

 

Süleymaniyyədə tarixi mərhələ

 

Prosesin əsas addımı İraqın Süleymaniyyə bölgəsində, yeri gizli saxlanılan bir ərazidə atılır. Burada 20-30 nəfərlik PKK üzvü silahları ilə gəldikləri ərazidən silahsız şəkildə ayrılacaq. Onların arasında PKK/KCK-nın yüksək rütbəli nümayəndələrindən biri də olacaq.

Silah qoyan şəxslər İraq daxilində qalacaq, lakin heç bir təşkilati fəaliyyət göstərməyəcək, PKK adından bəyanatlar verməyəcək. Türkiyədə cinayət dosyesi olmayan, İraqın şimalında hücumlarda iştirak etmədiyi müəyyən olunan şəxslər Türkiyəyə qayıda biləcək. Bəziləri isə İraqda qalacaq və ya Suriyaya keçə biləcək.

Lakin rəhbərlikdə olan Murad Qarailan, Cəmil Bayık və Mustafa Qarasu kimi 30-40 nəfərlik əsas lider heyətinin Türkiyəyə qayıtması nəzərdə tutulmur.

 

Prosesin iki əsas şərti

 

Milli İstihbarat Təşkilatının rəhbəri İbrahim Kalının Ərbil və Bağdadda apardığı təmaslarla formalaşan bu mərhələdə iki əsas şərt var:

Sabitlik və fasiləsiz irəliləyiş. Proses həm Türkiyə xüsusi xidmət orqanları, həm İraq Kürd Muxtariyyəti, həm də Bağdad hökumətinin koordinasiyası ilə diqqətlə izlənəcək. Müəyyən edilmiş təqvimə əsasən bölgələrdə toplanacaq silahlar nəzarət altında məhv ediləcək.

Təşkilatın dağlıq ərazilərdəki böyük silah-sursat bazalarının da təslim olunması planlaşdırılır. Bu anbarlar MİT-in müşahidəsi altında məhv ediləcək.

 

Prosesin vaxtı və riskləri

 

Təxminən 2 min PKK üzvünün silah buraxması üçün 2-5 aylıq təqvim nəzərdə tutulur. Prosesin uzanması riskli sayılır, çünki təxribat və ictimai narazılıq ehtimalları “Terrorçusuz Türkiyə” prosesini təhlükəyə ata bilər.

İraqda uğurlu icradan sonra bu modelin Suriya bölgəsində də tətbiqi planlaşdırılır – lakin burada yerli dinamikalar nəzərə alınacaq.

 

Parlament mərhələsi

 

Silah buraxma prosesi davam edərkən növbəti mərhələ – hüquqi çərçivənin yaradılması üçün Türkiyə Böyük Millət Məclisində (TBMM) fəaliyyət başlayacaq. İyulun ikinci yarısı üçün planlanan bu mərhələdə xüsusi komissiya yaradılacaq.

Komissiya terrorla mübarizə qanunvericiliyi, cəza qaydaları, qəyyum sisteminə yeni meyarlar kimi hüquqi dəyişikliklər üzərində işləyəcək. Hazırlanan qanun layihələri oktyabrda TBMM-də müzakirəyə çıxarılacaq.

Hazırda təxminən 5 min PKK üzvünün vəziyyəti cinayət, cəza müddəti, yaşı və sağlamlığı nəzərə alınaraq yenidən qiymətləndiriləcək. Cəza müddəti başa çatanlar, yaxşı davranış göstərənlər “nəzarətli azadlıq” proqramından yararlana biləcək.

Təşkilat tərəfindən uşaq yaşda qaçırılan və ya cəlb edilən gənclər üçün isə reabilitasiya və sosial adaptasiya proqramları həyata keçiriləcək.

Seçilən
20
vaxt.az

1Mənbələr